2023 -cü ilin yanvar-oktyabrında 405 qadın məişət zorakılığına məruz qalma iddiası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Ötən il bu rəqəm 475 olub.
2022-ci ildə məişət zorakılığı zəminində 1175 qadın öldürülüb.
Ötən il şəhər və kəndlər üzrə 15-17 yaş aralığında qadınlar tərəfindən diri doğulan uşaqların ümumi sayı 2011 nəfər olub . Bu da i, 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Onlardan 1880-i birinci, 120-i ikinci , 11 nəfəri isə üçüncü doğuşda doğulan uşaqlardır. Kəndlər üzrə 15-17 yaş aralığında qadınlar tərəfindən diri doğulan uşaqların ümumi sayı 638 nəfərdir. Bunlardan 572-i birinci, 55-i ikinci, 11-i isə üçüncü doğuşda doğulan uşaqlardır.
"Hesab edirəm bir sıra təkliflər istiqamətində düşünmək olar. Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin. Məişət Zorakılığının Qarşısının Alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi "Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir. İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir. Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar",- deputat çıxışında bildirib.
Məsələ ilə bağlı anews.az-ın suallarını cavablandıran deputat vurğulayıb ki, Azərbaycan xanımlarının birinə belə tətbiq olunan zorakılıq aktı narahatlıq yaratmalıdır.
"Ümumiyyətlə məişət zorakılığı mövzusu uzun illərdi ki, istər Azərbaycan cəmiyyətinə, eyni zamanda bu gün qadın və uşaq hüquqları ilə bağlı ixtisaslaşmış beynəlxalq qurumlarda daim bu məsələlər ilə bağlı qəbul edilmiş konvensiyaların, ona əlavə protokolların əsas xəttini təşkil edir. Müvafiq olaraq bununla bağlı istər qanunvericilik istiqamətində, o cümlədən müvafiq hökumət qurumları, yerli icra hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı hesabatlıq, şəffaflıq istənilir. Lakin bu məsələlər ətrafında da mötəbər məlumatlar defsitini yaşayırıq.
Ötən il 25 400-ə yaxın cinayət hadisəsi baş veribsə, bunun müəyyən hissəsi Azərbaycan qadınlarına qarşı olan cinayətlər və onların içərisində isə 319 nəfərin tam qətli aktları var, bunların içərisində 24 az yaşlı, yeniyetmə, 1 nəfər xanımın da ölümü – ona qarşı tətbiq olunan vandan hərəkət, zorakılıq aktı bizi düşündürməli və narahat etməlidir.
Onun sözlərinə görə, qeyd olunan məsələ ilə əlaqədar müvafiq olaraq mərkəzlər yaradılmalıdır.
"Bununla əlaqədar müvafiq mərkəzlər yaradılmalıdır. Bu beynəlxalq təcrübədə özünü göstərib. İndiki halda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sığınacaqlar yaratsın, müxtəlif sosial iş xarakterli sahələr onlara verilsin, ailələr diqqətdə saxlansın, xüsusilə də az gəlirli, aşağı təminatlı ailələr. Polis orqanları da həmin ailələri xüsusi ilə aktlaşdırsın. Məlumat bankında onlara yönəlik işi artırılsın.
Müxtəlif istiqamətli ayrı-ayrı qurumların fəliyyətində bunlar var. Müşahidələr onu göstərir, işin vahid bir mənbədən təşkilinə, sonrakı dövr hesabatlılığına ehtiyac var. O düşüncə də deyiləm ki, daha çox qurumlar yaratıdıqca məsələ həll olunacaq. Hesab edirəm ki, qanunvericilik, təşkilati idarə etmə siyasəti baxımdan bu məsələ yoluna qoyulacaq. Məncə, təşkilatın təklif etdiyi təkliflər, tövsiyyələr sırasında Ailə Qadın Uşaq Məsələləri üzrə Komitənin səlahiyyətlərinin artırılaraq nazirliyə çevrilməsi müddəası yer alır. Ümumiyyətlə düşünürəm ki, sosial səlahiyyətlər həmin komitəyə verilərək, onların səlahiyyətləri genişləndirilməlidir. Bu çərçivədə əlavə müstəqil ayrıca bir quruma deyil kordinasiya edilmiş çərçivədə onların fəalliyyəti nəzdində də bu işi qurmaq olar”, - millət vəkili qeyd edib.
Deputat söyləyir ki, Avropa ölkələrində hesabatlılıq, cavabdehlik sistemləri, işin kordinasiya modeli qanunvericilik aktlarının ana xəttini təşkil edir.
"Bizdə Yerli İcra Hakimiyyət Orqanları da qəyyumluq işinin təşkilindən tutmuş ailə məsələləri üzrə şikayətlərə baxılma və konkred olaraq komissiyanın fəaliyyəti, o cümlədən sığınacaqlar və s. hamısında bu və ya digər elementlər ayrılıqda cəmiyyətimiz də mövcuddur.
Ona görə mən bir sıra Avropa ölkələrində mövcud olan praktikanı bizə gətirməyi təklif etdim”, - o deyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektor müdiri Vəfa Ələkbərova komitəyə daxil olan müraciətlərə əsasən bildirir ki, əksər hallarda məişət zorakılığına uşaqlar və qadınlar məruz qalır.
"Əksər hallarda məişət zorakılığının artmasının kökündə kənardan olan müdaxilələr, qadınların iqtisadi aslılığı, gender bərabərsizliyidir. Komitənin təşəbbüsü ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır. Həmçinin məişət zorakılığı ilə bağlı müraciətlərin operativ şəkildə dəstək olmaq məqsədi ilə monitorinq qruplarının rəhbərlərindən ibarət vatsap qrupu yaradılmışdır. Yerlərdə vətəndaşa dərhal təhlükəsizliyini təmin etmək üçün qanunvericiliyə əsasən bütün tədbirlərin görülməsinə göstəriş verilir və nəzarətə alınır”, - o əlavə edib.
Vəfa Ələkbərovanın sözlərinə görə, ölkədə məişət zorakılığının qarşısının alınması və qadınların hüquqlarının müdafiəsi üçün Qanunvericlikdə yenidən təkmilləşdirmə aparılmalıdır.
"Bu sahədə qanunvericiliyin təkminləşdirilməsi ilə bağlı Komitə tərəfindən "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna, İnzibati Xətalar və Cinayət məcəllələrinə, həmçinin Cinayət Prossesual və Mülki Prossesual məcəllələrinə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər verilib. Bunlar məişət zorakılığına məruz qalan şəxslərlə (zərərçəkənlə) yanaşı zorakılığı törədənlərlədə reabilitasiya tədbirləri həyata keçirilməsi, yerlərdə də maarifləndirmə tədbirləri gücləndirilməsi ilə bağlıdır”, - sektor müdiri qeyd edib.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, müraciət mərkəzlərinin sayı çox olarsa, zorakılıq hallarının qarşısını almaq daha asan ola bilər.
"Hansısa mövzu ilə bağlı qanun qəbul edildikdə onunla bağlı müraciətlərin sayının artması artıq mübarizənin getdiyini göstərir. Bir zamanlar qanun yox idi, yaxşı təbliğatlar aparılmırdı və insanlar bundan xəbərsiz idi, xidmət paketləri yox idi, bu səbəbdən müraciətlər edilmirdi. Qanunun təbliği son zamanlar çox yaxşı qurulduğuna görə, ictimaiyyət də artıq bu mövzuda məlumatlıdır, hara və kimə müraciət etməyin yolunu öyrənərək müraciətlər edir. Əgər bu olmasa idi, heç kim də müraciət etməyəcəkdi. Bir çoxları deyir ki, sığınacaqlar çox olmalıdır. Belə götürəndə müraciət mərkəzləri olmalıdır ki, şəxslər müraciət etsinlər, orada sosial işçilər, psixoloqlar fəaliyyət göstərməlidir. Bu mərkəzlər həm kəndlərdə, həm də şəhərlərdə də olmalıdır. Nə qədər belə mərkəzlərin sayı çox olsa, zorakılıq hallarının qarşısını almaq üçün lazımi tədbirlər görülər. İlkin mərhələdə bu proses həyata keçirilə bilər, ailəyə sosioloji, psixoloji yardımlar göstərilər. Bu halların gecikməsi boşanmalar, qətl hadisələri və s. sonlamada özünü göstərdiyinə görə belə mərkəzlərin açılması yaxşı olar. Sığınıcaqların çox yaradılmasında, çox sayda yer doldurma prinsipinin müəyyənləşdirilməsi lazımdır. Bunu da proqnozlaşdırmaq vacibdir. Regional 10-15 nəfərlik, yoxsa 100 nəfərlik yer tikiləcək. Bunların hamısı dəqiq qiymətləndirmə aparıb hansı regionda zorakılıq nə yerdədir, hansı dəstəklərə daha çox ehtiyacın lazım olduğu müəyyənləşdirilməlidir”, - o əlavə edib.
Mehriban Zeynalova bildirir ki, bu mərkəzlər dövlət tərəfindən QHT-lərin nəzdində yaradıla bilər.
"Yəqin ki, maliyyələşmə də dövlət tərəfindən olar. Əslində bütün dünyada bunu QHT-lər idarə edir. Belə bir təcrübə var ki, dövlətin himayəsində olan Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanlarının Təhlükəsizlik Sığınacağını QHT-lər idarə edir. Bina, maliyyə, əməkhaqqını dövlət ayırır, amma QHT idarə edir. QHT-lər özləri də belə mərkəzlər yarada bilər. Müəyyən zamanlarda zorakılıq törədən şəxslər ilə də işlənməlidir. Biz təkcə qurbanlara kömək etsək, zorakılıq edən davamlı formada yenə onu edəcək və təhlükəni artıracaq”, - Zeynalova vurğulayıb.
Istiqamət: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !