“BP-ni kəşf et” açıq qapılar günü

15:14 | 14.11.2018
“BP-ni kəşf et” açıq qapılar günü

“BP-ni kəşf et” açıq qapılar günü

Bu gün BP Azərbaycan şirkəti Bakının dörd universitetindən - Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən, Bakı Mühəndislik Universitetindən, Azərbaycan Texniki Universitetindən və Azərbaycan Memarlıq və İnşaat Universitetindən seçilmiş 30 nəfərdən ibarət tələbə qrupu üçün "BP-ni kəşf et” adlı açıq qapılar günü keçirib. Onlar mexanika mühəndisliyi, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, neft mühəndisliyi və geoloji kəşfiyyat üzrə təhsil alan ikinci kurs tələbələri olub.
Tədbir BP-nin təcrübə və səriştələrini bölüşmək və eləcə də gənc mühəndislərin təhsilinə və inkişafına dəstək göstərilməsi üçün şirkətin fəaliyyətləri, texnologiyaları, əməliyyatları, prosesləri və mexanizmləri haqqında məlumat vermək məqsədi daşıyan "BP-nin universitetlərlə əməkdaşlıq proqramı” çərçivəsində təşkil edilib.

BP-nin insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva deyib: "Biz inanırıq ki, bu tədbir tələbələr üçün Azərbaycanda neft və qaz sənayesindəki perspektivlər və təcrübələr haqqında daha yaxından məlumat almağa gözəl imkan yaratdı. Biz bu tədbiri tələbələrin neft-qaz sənayesində və xüsusən də BP-də mühəndis yaxud mütəxəssis kimi öz gələcək karyeralarını necə qura biləcəklərini başa düşmələrinə yardım etmək üçün nəzərdə tutmuşuq.”

Tədbirin proqramı təqdimatlardan və BP-nin obyektlərinə səfərlərdən ibarət olub. Tədbir tələbələrə BP-nin təcrübə və məzun proqramı üzrə imkanlar haqqında ətraflı məlumat almağa, BP-nin yüksək vəzifəli əməkdaşlarından onların rolları barədə öyrənməyə və eləcə də BP-yə yeni işə götürülmüş  məzunlarla  ünsiyyət qurmağa şərait yaradıb.

Tədbir çərçivəsində tələbələr həmçinin BP-nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər ediblər və öz nəzəri biliklərinin praktikada necə tətbiq olunacağını görmək üçün iş sahələrilə yaxından tanış olublar.

Maraqlananlar üçün fotoşəkillər də var.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM