Şah İsmayıl əslində necə öldü? Şok versiyalar

14:19 | 23.05.2018
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar

Şah İsmayıl əslində necə öldü? Şok versiyalar

Bu gün böyük Azərbaycan hökmdarı, Səfəvilər İmperiyasının banisi, görkəmli şair Şah İsmayıl Xətainin anım günüdür.

Kult.az xatırladır ki, Şah İsmayıl 1524-cü il mayın 23-də vəfat edib. Şahın ölümü ilə bağlı müxtəlif versiyalar var.

I versiya – Çaldıran məğlubiyyəti

Onlardan biri budur ki, Şah İsmayıl Çaldıran döyüşündəki məğlubiyyətdən sonra dərin sarsıntı keçirir və bu, onun sonunu gətirir. Halbuki bəzi faktlar Çaldıran döyüşünün elə də ciddi savaş olmadığını, bundan sonra Xətainin bir sıra döyüşlərə qatıldığını, qalib gəldiyini aşkara çıxarır.

Qaynaqlarda Şahın qorxmaz, cəsur və çox güclü bir sərkərdə olduğu yazılır. Osmanlı sultanı Yavuz Səlim məktublarında Şahı əsəbiləşdirmək üçün onun qorxaq olduğuna eyham vururdu. Halbuki Çaldıran döyüşü zamanı Yavuz bir təpə başından döyüşü izlədiyi halda, Şah İsmayıl meydana atılmış, qısa zaman ərzində Osmanlının ən güclü sərkərdələri ilə təkbətək döyüşmüş və onları məğlub etmişdi. Şah İsmayılın öldürdüyü osmanlı sərkərdələrindən biri də Malqoçoğludur. Haqqında nağıllar yazılan, filmlər çəkilən Malqoçoğlu Osmanlı ordusunun ən güclü sərkərdələrindən idi. Osmanlı mənbələri Şah Xətainin döyüş zamanı Malqoçoğlunu qılınc zərbəsi ilə iki yerə böldüyünü yazır.

Bu faktlara baxanda cəsur, dözümlü, qorxmaz Şah İsmayılın məğlubiyyət sarsıntısına görə ölməsi haqda iddialar sıradan çıxır.

II versiya - İçki alüdəçiliyi

Tarix üzrə fəlsəfə doktoru Namiq Musalı yazır ki, dini motivli dövlət qurmasına baxmayaraq, bəzi qərəzli tarixçilər Şahı, az qala, içki düşkünü kimi təqdim edirlər:

"Türkiyəli tarixçi Faruq Sümər qeyd edir ki, Şah İsmayılın "miniatürlərə görə, saqqalı taraş olunmuş, uzun bığlı, türkman üzlü bəyləri ilə gecə-gündüz içdiyini bilirik”. Tədqiqatçı miniatürlərdə əksini tapmış qabların içərisindəki içkinin məhz şərab olduğunu necə müəyyənləşdirdiyini bildirməsə də, qərəzlə iddia edir ki, "içkiyə qarşı hədsiz düşkünlüyü onun gənc yaşında həyata vida etməsində, hər halda, çox mühüm bir amil olmuşdur”.

Halbuki mötəbər mənbələr Şah İsmayılın şərab içilməsinə və sərxoşluğa qarşı mənfi münasibət göstərdiyini qeyd edirlər. İfrat eyş-işrətdən xoşlanmayan Şah İsmayıl hətta qonşu hökmdar Sultan Hüseyn Bayqaranın ona hədiyyə göndərdiyi rəqqasələr qrupunu da acıqla geri qaytarmışdı.

Dini ideologiyanı əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə çalışan Şah İsmayıl ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, minacatla məşğul olurdu”.

Mənbələrdə Şah İsmayılın Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyi xatırladılır.

III versiya – Ağır xəstəlik

Şah İsmayıl öz silahdaşları ilə ov etməyi xoşlayırdı. O tez-tez ətrafına adamlarını yığıb, Azərbaycanın səfalı yerlərinə gedər, dağlara çıxar, ov edərdi.

1524-cü ilin baharında Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, şaha təzim edir. Şah ov etmək həvəsində olduğu üçün əmr verir ki, Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı adı ilə məşhur olan yerdəki vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların Şahdağında ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni şaha desələr də, o buna məhəl qoymur və ovun başlamasını əmr edir. Hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanı Şahdağında ovlayıb, Ərdəbilə qayıdır. Lakin yolda xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olur.

Həkimlərin müalicəsi fayda vermir və Azərbaycanın tarixinin ən qüdrətli hökmdarı Şah İsmayıl 23 may 1524-cü ildə, axşam saatlarında vəfat edir (Bəzi mənbələrdə onun vərəm xəstəliyindən öldüyü yazılır). Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.

Abbasqulu Ağa Bakıxanov "Gülüstani İrəmdə” yazır: "Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.

Azərbaycan torpaqlarında güclü dövlət ənənəsini formalaşdıran Şah İsmayıla zaman-zaman qara yaxmağa, hətta bu kampaniyanı onun ölümü üzərindən aparmağa çalışsalar da, tarixi faktlar hər dəfə bu cəhdləri alt-üst edərək, Böyük Şahı layiq olduğu yerdə - zirvədə saxlayır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb