Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLAR

13:22 | 18.03.2019
Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLAR

Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLAR

Dünən, 17 mart 2019-cu il tarixində Qazax rayon Daş Salahlı kəndində yaddaqalan və əlamətdar toy mərasimi keçirilib.

BiG.AZ xəbər verir ki, bu kənddən olan Şəhid Fidat Məmmədovun oğlu Ulvi Məmmədov ailə həyatı qurub.

Mərasimdə kənd əhli, F.Məmmədovun cəbhə yoldaşları, bəyin ürək və gərək dostları iştirak ediblər. Şəhid oğlunun özünə etdiyi toyu unudulmaz və möhtəşəm edən bəyin təşəbbüsü və dostlarının dəstəyi ilə həyata keçirilən bir xoşməramlı, eyni zamanda təsirli, qürurverici, duyğulu bir hadisə olub.

Belə ki, bəy gəlin gətirən zaman toy kortejinin evə deyil, Şəhidlər Xiyabanına yol almasını istəyib. Və bu istəkdən sonra bəyin dostları şəhid oğlunun arzusunu yerinə yetirərək toy kortejini şəhidlər xiyabanına sürüblər. Lakin təkcə gəlin maşını Şəhidlər Xiyabanına daxil olub, sonra səbəbkarlar maşından düşərək toy libasında başda F.Məmmədov olmaqla 12 qəhrəmandan ibarət olan Daş Salahlı şəhidlərini ziyarət ediblər.

Bəy və gəlin, bəyin qohum-əqrəbası və dostları şəhid məzarları üstünə qərənfillər düzüblər. Cəmi Şəhidlərimizin ruhuna dualar oxunub, salavatlar çevriləndən sonra kortej yola düzələrək evə gəlib. Bəy və gəlinimiz Şəhidin ocağına qədəmlərini yenə də bəy və dostlarının təşəbbüsü ilə sifariş verilən dahi Məhəmməd Hüseyn Şəhriyarın "Azərbaycan” şeirinə bəstələnən mahnı ilə sədaları altında basıblar.

Və bütün məclis əhli ayağa qalxaraq bu GÜLLƏRİ alqış atəşinə tutublar. Bundan başqa F. Məmmədovun silahdaşları, çiyindaşları da mərasimdə aktiv iştirak ediblər. 

Səbəbkarlara xeyir-dua verdikdən sonra onlar da "Azərbaycan” mahnısını sifariş verib bəylə gəlini və ümumən F.Məmmədovun ailəsini rəqsə dəvət ediblər. 

Bundan sonra bəyin dostları da çıxışlar edərək bu, milli və vətənpərvər ovqatı düz toyun sonuna qədər davam etdiriblər.
Bəyin ən aktiv dostarından olan Həsənov Qara "Sherg.az”a açıqlamasında qeyd edib ki, o, bu toya məxsusi hazırlaşıb:

"Bu yurdda, bu ocaqda toyun olmasını səbirsizliklə gözləyirdik. Bura elə bir kişinin, elə bir qəhrəmanın həyatı, yurdudur ki, burada insan yalnız qürur duya bilər, yaxşı mənada təsirlənə bilər. F. Məmmədov peşəkar döyüşçü olaraq bu vətən və xalq yolunda sözün həqiqi mənasında son damla qanına qədər savaşıb. Böyük rəşadətlər və inanılmaz döyüş nümunələri göstərib.
Və "Malış” ləqəbli bir əsgəri düşmənin əlindən alaraq onu əsirlikdən xilas edib. Bu döyüş zamanı ağır yaralanıb. Yəni son damla qanına qədər vuruşub. F. Məmmədov öz qanını, canını bu torpaqdan, bu millətdən, bu vətəndan əsirgəməyən qəhrəman bir kişi olub. Sənə kişi deyirəm eee, qardaş ! Belə bir ifadə var: torpağa su qatarsan, palçıq olar, qan qatarsan vətən olar. Fidat əmim və digər qəhrəmanlarımız bu torpağa öz qanlarını qataraq Vətənə çeviriblər.


Əlbəttə, F.Məmmədov tək bu evin, bu ocaq, bu yurdun deyil, F. Məmmədov bütöv Respublikanındır, türk xalqınındır. Bu mənada hesab edirəm ki, F.Məmmədov kimi böyük şücaətlər göstərərək şəhidlik zirvəsinə ucalanların yalnız doğum günü. Belə ucalıqların ölüm günü olmur. Ona görə ki, bu millət, bu xalq şəhidlərimizi daim dərin ehtiramla yad edir. Onlar bizim bütün varlığımıza hopublar. Şəhidlərimiz bizim düşüncələrimizdə, beyin və qəlblərimizdə taxt qurublar. Mən elə bilirəm ki, şəhidlərimiz dünyanın ən müqəddəs, ən duru, ən saf insanlarıdırlar. Onlar dahidirlər”.


Q.Həsənov bəy və gəlinin şəhidlərimizi ziyarət etməsindən də söz açdı:

"Əlbəttə, bu fikir Ülvi qardaşımızın daim yaddaşında idi. Toydan bir neçə gün əvvəl mənə və digər dostlarına bildirmişdi. Biz dostlar - Mən, Vüqar, elə sənin özün, Nadir, Xəliddin, Arzu, Amil, Firudin və başqaları Ülvinin bu istəyini gerçəkləşdirməyə bilməzdik. Ona görə də, biz bu işi cani- könüldən təşkil etdik. Əlbəttə, bəyimiz və biz dostlar bu addımımızla bütün dünyaya bir ismarıc verdik ki, Azərbaycanda çox vətənpərvər gənclik yetişib. Bu gəncliyin vətənpərvərlik ruhunu, milli damarını, vətənə olan sevgisini və döyüş əzmini sındırmaq mümkün deyil. Çünki bu vətən bir dəfə məşəqqət yaşayıb.

Biz gənclər bu ağrını ikinci dəfə xalqımıza, vətənimizə yaşatmağa haqqımız yoxdur. Əminəm ki, günü bu saat, bu dəqiqə, bu an Ali Baş Komandan cənab İlham Əliyev irəli komandası verərsə, nəinki bu toyda, bu rayonda olan gənclər ölkənin bütün gəncləri silaha sarılmağa hazırdırlar. Biz bunun ən bariz nümunəsini aprel qələbəmizdə gördük. İnanıram ki, şəhidlərimizin qanını yerdə qoymayacağıq.
Və biz Ali Baş Komandanın o əmrini səbirsizliklə gözləyirik. Vətən daim qorunmağa ehtiyac duyandır. Biz vətəni sevməyi də bacarırıq, onu qorumağı da... Öz adıma və elə sənin də yerinə söz verirəm ki, səfərbərlik elan olunarsa, ən azı 12 nəfər düşməni murdar edəcəm ! Amin ! Sonda bir daha uca Allahdan Ülvi qardaşıma xoşbəxt, firavan və mənalı ömür arzulayıram. Allah Ülvi qardaşımıza bir oğul nəsib eləsin, o da balasına atasının adını qoysun və Fidat əmimin də ruhu şad olsun !”

Qeyd edək ki, Məmmədov Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil alıb. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olub. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki peşə məktəbində təhsil alıb. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM