Açılış mərasiminin DETALLARI

18:37 | 12.06.2015
Açılış mərasiminin DETALLARI

Açılış mərasiminin DETALLARI

"Bakı-2015” I Avropa Oyunlarının açılış mərasiminin detallar məlum olub.

APA-nın məlumatına görə, açılış mərasiminin bədii rəhbəri Dimitris Papaionnoudur. Mərasimlər üzrə rəhbər heyətə Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, mərasimlər üzrə direktor Ketrin Uqvu, icraçı rejissor Skot Givens daxildir.
 
Mərasim muğam ustası Alim Qasımovun ifa edəcəyi muğamla başlayacaq. 50 nağaranın ritmik sədaları altında 24-dən sıfıra qədər geriyə sayım başlayacaq. Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini göstərəcək. Səhnə 1000 nəfərə yaxın rəqqasənin Azərbaycanın məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülür. Şeypur sədaları Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayacaq. Azərbaycanın dövlət bayrağı qaldırılacaq və Dövlət Himni səsləndiriləcək. Daha sonra təxminən 5500 km məsafəni qət edən Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi stadiona gətirəcək. Səhnəyə İlkin Aslanovun canlandırdığı dahi Nizami çıxacaq, onun əlindəki tərəzinin hər gözündə bir kukla fiquru olacaq. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər – Leyli və Məcnundur. Leyli obrazını Patrisiya Zarnoviçian, Məcnun obrazını Markez Skot canlandıracaq.
 
Sonra 50 ölkəni təmsil edən 6 min idmançının paradı başlayacaq. Paradın önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət  əlaməti olaraq Yunanıstan təmsilçisi gedəcək. Azərbaycan istisna olmaqla, digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzüləcək. Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vuracaq. Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış qadın və kişi gətirəcək. Bayraq Avropa Olimpiya Komitəsinin stadiona toplaşmış 50 üzvünü təmsil edir.
 
Daha sonra Mehriban Əliyeva və Patrik Hikki nitq söyləyəcək. Ardınca Azərbaycan prezidenti İlham Əliyev "Bakı-2015” I Avropa Oyunlarının rəsmi şəkildə açılışını elan edəcək. Bundan sonra səhnəyə Azərbaycanda yazın gəlişini simvolizə edən Novruzu, "küləklər şəhəri” Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən qadın (Nərgiz Nəsirzadə) və kişi (Aydəmir Aydəmirov) çıxacaq. Onların hekayəti bəşəriyyətin birliyə və anlaşmaya ehtiyacı olduğunu tərənnüm edəcək.  Sonda bu axşamın 2000 nəfər ifaçısı səhnəyə toplaşaraq mərasimi sevinclə təntənəli şəkildə başa çatdıracaqlar. Onlar əl-ələ verərək Azərbaycanın milli rəqsi "Yallı”nı oynayacaqlar.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb