AÇG blokunda yeni platformadan ilk neft 2024-cü ildə gözlənilir

17:44 | 17.02.2023
AÇG blokunda yeni platformadan ilk neft 2024-cü ildə gözlənilir

AÇG blokunda yeni platformadan ilk neft 2024-cü ildə gözlənilir

Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun Mərkəzi Şərqi Azəri (MŞA) platformasından ilk neft 2024-cü ilin birinci rübündə gözlənilir. Bu barədə  BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Harri Cons  bildirib. 

"Hazırda yeni platformanın lövbər bloqu barjaya yüklənib və biz onu quraşdırmaq üçün əlverişli hava şəraitini gözləyirik", - Cons cümə günü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, platformanın yuxarı modullarının bu ilin ikinci yarısında dənizə göndərilməsi planlaşdırılır.

"İşlərin gedişatını nəzərə alaraq, yeni platformadan ilk neftin 2024-cü ilin birinci rübündə hasil ediləcəyi gözlənilir", - Cons bildirib.

AÇG hazırda Azərbaycanın ən böyük neft yatağıdır və ölkənin neft hasilatının 2/3 hissəsini təmin edir. 2022-ci ildə AÇG blokunda neft hasilatı təxminən 152 milyon barel (20 milyon ton) təşkil edib.

MŞA layihəsi AÇG blokunun işlənməsinin növbəti mərhələsidir. Layihə çərçivəsində Turan Qazma Şirkəti tərəfindən həyata keçiriləcək 48 quyunun qazılması planlaşdırılır.

MŞA layihəsinin məqsədi əlavə quyuların qazılması və əlavə dəniz qurğularının quraşdırılması ilə gündəlik 100.000 barelə qədər neft və 350.000 kubmetr qaz hasilatına nail olmaqdır.

2019-cu il aprelin 19-da Bakıda AÇG blokunun işlənməsi layihəsinin səhmdarları 6 milyard ABŞ dolları məbləğində MŞA layihəsi üzrə yekun investisiya qərarını imzalayıblar ki, bunun təqribən 3,2 milyard dolları tikinti xərcləri, qalanı yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləridir.

Layihə 137 metr dərinlikdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformaları arasında yaşayış bloklu yeni hasilat-qazma platformasının tikintisini nəzərdə tutur.

"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.

AÇG blokundan neft və səmt qazının hasilatı 1997-ci ilin noyabrında başlayıb. Hazırda Böyük Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3, Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyə TPAO (5,73%) şirkətləri layihənin səhmdarlarıdır. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM