Atatürkü qabaqlamış Rəsulzadə

09:34 | 31.01.2019
Atatürkü qabaqlamış Rəsulzadə

Atatürkü qabaqlamış Rəsulzadə

Sar köksünə Ankara, yurdumun zinətini,
Günü gəlincə istər səndən əmanətini.
Şukranını sunarkən bir gün hörmətlə sana,
O sümüklər gedəcək! Gedəcək o Vətənə!

 
Bu gün təkcə Azərbaycanın deyil, bütün türk dünyasının çoxəsrlik tarixinin ən böyük simaların­dan biri olan M.Ə. Rəsulzadənin anadan olmasının 135 ili tamam olur. Heç şübhəsiz ki, milli tariximizin zirvə nöqtəsi olan 1918-ci ilin 28 May – Azərbaycan milli dövlətçiliyinin doğum günü birbaşa bu dahi şəxsiyyətin adı ilə bağlıdır.

M.Ə. Rəsulzadə və digər Cümhuriyyət liderlərinin tarixi xidməti ondan ibarətdir ki, onlar bütün müsəlman Şərqində ilk dəfə olaraq milli dövlətçiliyin Avropa modelini gerçəkləşdir­məyə cəhd göstərdilər. Məlumdur ki, Avropanın əksər xalqları tarixi inkişafın həmin mərhələsini hələ XIX əsrdə keçmişdilər, Şərqdə isə bu yolla ilk dəfə addımlamaq şərəfi M.Ə.Rəsulzadə və onun silahdaşlarına nəsib oldu.

Bu anlamda Azərbaycan Xalq Cümhuriyyətinin banisi - M.Ə. Rəsulzadə müasir Türkiyənin qurucusu olan Atatürkü bir neçə il qabaqlamış oldu. Belə ki, Atatürkün XX əsrin 20-ci illərinin ortalarında Türkiyə Cümhuriyyətini yaradarkən əldə rəhbər tutduğu milli dövlətçilik ideyaları M.Ə. Rəsulzadə və silahdşları tərəfindən Azərbaycanda hələ 1918-1920-ci illərdə həyata keçirilmişdi. Həm də, Türkiyədə milli dövlət qurucu­luğu gedişində əsasən avtoritar metodlara üstünlük verən Atatürkdən fərqli olaraq, Azərbaycan liderləri demokratik də­yər­lərə arxalanırdılar. Bu baxımdan, M.Ə. Rəsulzadə və onun silahdaşlarını müəyyən mənada hətta Atatürkün müəllimi də hesab etmək olar.

Doğrudur, Atatürkdən fərqli olaraq, Azərbaycan Cümhu­riy­yəti­nin liderləri regiondakı əlverişsiz geosiyasi vəziyyət ucbatından həmin planlarını və niyyətlərini tam şəkildə ger­çəkləşdirə bilmədilər. Və İlk Azərbaycan Cümhuriyyəti 1920-ci ilin aprelində rus-bolşevik işğalı nəticəsində süqut etdi.

Bundan sonra M.Ə. Rəsulzadə ölkənin hüdudlarını tərk etmək məcburiyyətində qalsa da, mühacirət həyatının bütün çətinlik və məhrumiyyətlərinə rəğmən, qürbətdə də Vətənin itirilmiş müstəqilliyinin bərpası uğrunda aramsız və fədakar mücadiləsini davam etdirdi. Abdulla Taymasın söylədiyi ki­mi, M.Ə. Rəsulzadə həmin mücadiləyə "hər şeyini, ailəsini, rahatlığını, sağlamlığını və nəhayət, həyatını fəda etdi”.

Həyatı boyu verdiyi saysız-hesabsız qurbanların "mükafat”ı isə doğma xalqının laqeydliyi və biganəliyi oldu. Bu baxımdan, kiçicik "təsəllimiz” yalnız bu ola bilər ki, həyatlarını Vətənin xoşbəxtlik və rifahı uğrunda mübarizəyə həsr etmiş Azərbay­can türklərinin onsuz da azsaylı nümayəndələrinin - Mizə Cəlildən tutmuş Məhəmməd Hadiyə və Əli bəy Hüseynza­dədən Əhməd bəy Ağaoğlunadək istisnasız olaraq hamısı oxşar taleyi yaşamışlar. Əks halda, Mirzə Cəlil ömrünün sonunda evini isitmək üçün sobada əlyazmalarını yandırmalı olmazdı, yaxud Mirzə Ələkbər Sabirin "Hophopnamə"si ilk dəfə şairin ölümündən sonra, həm də xeyli dərəcədə erməni ianələri hesabına işıq üzü görməzdi.

Əks halda, 1947-ci ildə yenidən Türkiyəyə dönən M.Ə. Rəsulzadə ömrünün sonuna kimi təmirsiz, siçovulların qaçış­dığı yarımzirzəmidə yaşamazdı. Türkiyədə yaşayan çoxsaylı imkanlı azərbaycanlılardan və bu ölkənin hökumətindən heç kəs təkcə Azərbaycan deyil, bütün türk dünyası qarşısında əvəz­siz xidmətləri olan M.Ə. Rəsulzadənin məişət şəraitini azca da olsa yaxşılaşdırmaq üçün demək olar ki, heç nə etmədilər.

Çoxlarına xoş gəlməsə də, bu tarixi faktları nə gizlətmək, nə inkar etmək, nə də zamanın ayağına yazmaq olmaz. Ən əsası isə, bütün bunlara görə məsuliyyəti Azərbaycan ərazi­sində son yüz ildə mövcud olmuş ayrı-ayrı siyasi rejimlər və onların rəhbərləri deyil, millət olaraq biz hamımız daşıyırıq. Hərçənd, biz millətikmi? Millət zirvəsinə ucala bilmişikmi? Cavabı olmayan bu sualların sayını sonsuzluğa qədər uzatmaq olar...

Sonucda məşhur rus tarixçisi V. Klyuçevskinin bir kəla­mını xatırlamaq istərdik. V. Klyuçevski Rusiyanı nəzərdə tutaraq yazırdı: "Bu ölkə tək-tük dahilərdən və milyonlarla heç nəyə yaramayan insanlardan ibarətdir”. Düşünürük ki, bu sözləri tam əsasla Azərbaycan və azərbaycanlılara da aid etmək olar. Hər halda, yalnız M.Ə. Rəsulzadə və beş-altı nəfər onun kimi dahi şəxsiyyətin sayəsində Azərbaycan türkləri bu gün müstəqil dövlətə sahibidirlər.
 
Aydın Balayev
tarix elmləri doktoru
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb