Avro-5 standartlarına uyğun dizel yanacağının buraxılacağı tarix AÇIQLANDI
Azərbaycan Dövlət Neft Şirkətinin Azərbaycanda yeganə neft emalı zavodu olan Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsi 2027-ci ildə bitəcək. Bunu SOCAR Downstream-in direktor müavini Emil Alxaslı deyib.
"Neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsinin bir hissəsi olaraq biz indi blokların işə salınması mərhələsindəyik. İlk növbədə dizel və benzinin hidrotəmizlənməsi üçün hidrogen istehsalı qurğusu istifadəyə veriləcək. Qalan aqreqatların istismara verilməsi üzrə işlər davam etdirilir və gələn ilin ortalarında başa çatacaq", - Alxaslı bildirib.
Onun sözlərinə görə, zavodda Avro-5 ekoloji standartlarına uyğun dizel yanacağının istehsalına 2022-ci ilin üçüncü rübündə, Avro-5 standartlarına uyğun benzinin istehsalına 2023-cü ilin iyun-iyul aylarında başlanacaq.
Neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər 2023-cü ilin dekabrında başa çatacaq.
"2023-cü ildə layihənin növbəti mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi də planlaşdırılır. Bura mövcud konfiqurasiyaların (köhnə əsas qurğuların) stabil işləməsinin təmin edilməsi daxildir”, - deyə Alxaslı bildirib.
O qeyd edib ki, zavodda yeni blokların tikintisi ilə əlaqədar SOCAR hər dörd ildən bir müəssisənin planlı təmirə dayandırılmasını planlaşdırır.
"Avro-5 standartları üzrə benzinə gəlincə, zavod ümumilikdə 60%-40% nisbətində 2 milyon ton Aİ-92 və Aİ-95 markalı benzin istehsal etməyi düşünür”, - Alxaslı deyib.
O, həmçinin bildirib ki, zavodun gücü ildə 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə əsasən zavod Xəzər regionu ölkələrindən bütün növ neftin emalı üçün nəzərdə tutulacaq.
"Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır", - o əlavə edib.
Alxaslı vurğulayıb ki, bu layihənin həyata keçirilməsi ilə 2040-cı ilə qədər Azərbaycanın benzin və dizelə olan tələbatı tam ödənəcək. Eyni zamanda, daxili istehlakdan artıq olan həcmlər də ixrac olunacaq.
2022-ci ildə SOCAR neft emalı zavodunun modernləşdirilməsi üçün dövlət büdcəsindən 214 milyon manat (indiki məzənnə ilə təxminən 126 milyon dollar) vəsait alacaq.
Modernləşdirmədən sonra zavodda avtomobil benzini istehsalı ildə 1,2 milyon tondan 2 milyon tona, dizel yanacağı - 1,9 milyon tondan 2,9 milyon tona, təyyarə yanacağı - 600 min tondan 1 milyon tona kimi artacaq.
Zavodun modernləşdirilməsi və yenidən qurulması layihəsinin dəyəri 2,2 milyard dollar həcmində qiymətləndirilir.
N.Təbrizli
www.anews.az