Aydın Mirzəzadə: "Mənfi, yaxud müsbət nəticə əldə etmələri müxalifətin öz problemidir" - MÜSAHİBƏ

14:30 | 14.05.2015
Aydın Mirzəzadə:

Aydın Mirzəzadə: "Mənfi, yaxud müsbət nəticə əldə etmələri müxalifətin öz problemidir" - MÜSAHİBƏ

ANN.Az xəbər portalının qonağı Azərbaycan Respublikası Milli Məclisinin  deputatı, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, siyasi elmlər namizədi, YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadədir. Onunla müsahibəni oxuculara təqdim edirik:

- Ölkəmizdə keçiriləcək hər hansı bir yarışa, beynəlxalq səviyyəli tədbirlərə hazırlıq prosesi başlayırsa, o zaman güclü qarayaxma kampaniyasına da start verilir. Ya bir qrup silahlı dəstə həmin tədbir bölgəsində partlayış törətmək istəyir, ya da başqa üsullara əl atılır. Bu qarayaxma kampaniyasının hədəfi nədir, yaxud kimlərdir - ölkəmiz, həmin tədbirin baş tutmamasına hesablanmış addım, yoxsa ölkə rəhbərliyi? 

- Belə hallara doğrudan da tez-tez rast gəlirik. Ümumilikdə, bu bir taktikadır. Yeni müstəqillik qazanmış, özünü təsdiq etməyə çalışan, öz problemini özü həll edərək inkişaf yolu seçmiş ölkələr də eyni aqibətlə qarşılaşırlar – bu cür təzyiqlərə məruz qalırlar. Xaricdə müəyyən dairələr var ki, onlar belə gənc dövlərlərin müstəqil sürətdə öz işlərini həll etməsini, təbii sərvətlərinə xalqın sahib çıxmasını rahatlıqla həzm edə bilmirlər. Həmin dairələr gənc dövlətləri ya iqtisadi, ya da siyasi baxımdan sınağa çəkməyə başlayırlar. Yaxud da ölkədaxili müəyyən siyasi qrupları maddi cəhətdən ələ alaraq onları hakimiyyətə qarşı qoyur, onların qüvvələrindən təzyiq kimi istifadə etməyə çalışırlar. Azərbaycan da bu sıradan olan dövlətlərdəndir. Müstəqillik əldə etdiyi 20 ildə problemlər burulğanında çırpınan, 1993-cü il 15 iyunundan öz taleyini müstəqil şəkildə həll edən Azərbaycan vaxtaşırı həmin dairələrin təzyiqinə məruz qalır. 

Hansısa dairələr prezident İlham Əliyevin daxili-xarici siyasətini həzm edə bilmir. Hansısa dairələrin Azərbaycanın təbii sərvətlərində maraqları var və əldən çıxan on milyardlarla dolların əvəzini  bu cür siyasi şantajlarla əvəzləməyə çalışırlar. Bir neçə il əvvəl "Eurovision” yarışması zamanı da,  bu il keçiriləcək I Avropa Oyunlar ərəfəsində də biz bu təzyiqlərin şahidi olduq. Azərbaycana qarşı ikili standart həyata keçirilir. Bir sıra ölkələrdə təqdir edilən, yaxud haqqnda danışılmayan məsələ Azərbaycanla bağlı olanda təzyiq alətinə çevrilir. Bəli, belə problemlər var. Ola bilsin ki, müstəqillik qazanmaq istəyən ölkə bu mərhələlərdən keçməlidir.
 
 

- Terror qruplaşmalarına, xüsusilə bu gün dünyanın əsas gündəmini təşkil edən İŞİD-ə qoşulanlar oldu, hətta ailəvi şəkildə gedənlər var. Belə terror qruplaşmalarına qatılmanın qarşısını almaq üçün dövlət geniş miqyaslı tədbirlər görməlidirmi? 

- Dövlət bu istiqamətdə demək olar ki, işlər görüb. Hesab edirəm ki, buna görə də ölkəmizdən o qruplara qoşulanların sayı azdır. Terror qruplarına qoşulanlar təsadüfi olaraq o yolu seçmirlər. Onlar vaxtaşırı Azərbaycanda mövcud olan dini təriqətlərin tərəfdarlarıdır. Uzun müddətdir Azərbaycanda dini təriqətlərin və yaxud qanunsuz dini icmaların fəaliyyətinə qadağa qoyulub. Bunun nəticəsində də qatı təşkilatlanmağa, geniş təbliğat aparılmasına, sıralarına on minlərlə insanın cəlb edilməsinə imkan verilmədi. Çünki keçid dövrü yaşayan ölkələrin  sosial problemlərinin olması xarakterikdir. Müəyyən qrup insanlar həmin təriqətlərin, dərnəklərin verdiyi maliyyə yardımına aldana, onlara qoşula və sonradan isə silahdaşlarına çevrilə bilərdilər. Bu prosesin qarşısı alınmasaydı, Azərbaycanda dini qarşıdurmanın yaradılması, Azərbaycanın İslam dinindən uzaqlaşdırılması, Azərbaycan cəmiyyətini Ermənistanın işğal faktoru ilə razılaşdırılması, barışmaq əhval-ruhiyyəsinin yaradılması maliyyə tökən xarici qrupların çatdığı əsas məqsəd olacaqdı. Amma dövlətin apardığı düzgün siyasət onların fəaliyyətini kifayət qədər daraltdı. 

İŞİD təhlükəsi meydana çıxdıqda dünyanın bir çox ölkələrindən insanlar ora axışmağa başladı. Hətta son məlumatlara görə, onların sayı təqribən 20.000 min nəfərə qədərdir. Onlar içərisində azərbaycanlılar da var. Aparılan araşdırmalar göstərir ki, terror qruplaşması daxilində həmyerlilərimiz çox deyillər, amma yenə də müəyyən qədər var. Bunun özü göstərir ki, dövlət bir tərəfdən dini fəaliyyətə sərbəstlik verməlidir. 
Azərbaycanda ənənəvi dinlərin fəaliyyətinə heç bir qadağa yoxdur. Amma kimlərsə insanların hüquqlarını məhdudlaşdırmağa çalışacaqsa, vətəndaşları müharibəyə çağıracaqsa və yaxud vətəndaşı öz vəzifələrini yerinə yetirməkdən imtinaya dəvət edəcəksə, o zaman bu kimi dini qrupların, birliklərin qarşısı vaxtında alınmalıdır. 

- Vətəndaş cəmiyyətlərinin, siyasi qurumların, cəmiyyətin bu istiqamətdə üzərinə düşən əsas vəzifə nədən ibarət olmalıdır? 

- Şübhəsiz, bu iş tək dövlətin işi deyil. Cəmiyyət ümumən buna qarşı mübarizə aparmalıdır və çox həssas olmalıdır. Birinci, ictimai-siyasi xadimlər, tanınmışlar, ziyalılar bu məsələ ilə əlaqədar fikirlərini bildirməli, nümunə olmalıdırlar. Mətbutda, KİV-də bu məsələ işıqlandırılmalı və onların mənfi nəticələri cəmiyyətə təqdim edilməlidir. Hesab edirəm ki, hər bir ailə, hər bir icma bu məsələdə çox aydın və birmənalı mövqe ortaya qoymalıdır. Ailələrdə təməli qoyulan tərbiyə övladlarını səhv yoldan çəkindirməyə, qeyri-ənənəvi dini təriqətlərə qoşulmamağa, insanlıq əleyhinə təbliğatın təsiri altına düşməməyə xidmət etməlidir. Eyni zamanda səhv yolun fəsadları, pis nəticələri mütləq gənclərə təqdim olunmalıdır.

- Ətraf dövlətlərdə, xüsusilə ərəb ölkələrində iğtişaşlar, üsyanlar baş verdi, amma Azərbaycanda sabitlik, əhalinin təhlükəsizliyi təmin edilib. Bunu nəyin göstəricisi hesab etmək olar? 

- Bu ilk növbədə milli dövlət quruculuğu fəlsəfəsinin düzgün seçilməsi ilə bağlıdır. Vaxtilə bu təhlükələr Azərbaycan üçün var idi. 1991-ci il 18 oktyabrda müstəqillik qazanmağımıza baxmayaraq, bu müddət ərzində -  yəni 1993-cü ilin 15 iyununa qədər Azərbaycanda separatçılıq, regionçuluq, mərkəzi hakimiyyətin öz vəzifəsini layiqincə yerinə yetirməməsi xarakterik idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində iş aparmaq, həmçinin Azərbaycan maraqlarının daima qorunması sonda güclü və səmərəli bir dövlətin yaranmasına gətirib çıxardı. Və bu gün demokratik konsititusiya olaraq Azərbaycan dövləti öz üzərinə düşən işi yerinə yetirir. Nəticədə biz bəzi qonşu dövlətlərdə, o cümlədən regionda baş verən ağrılı problemlərdən uzaq dura bilirik. 
 
 

-  Azərbaycanla Avropa Birliyi arasında ən çox mübahisə yaradan məsələlərdən biri siyasi məhbuslar mövzusudur. Son vaxtlar beynəlxalq qurumlar Azərbaycanda siyasi məhbusların sayının artdığını deyir. Təxminən 1 ay sonra Avropa Oyunlarına start verilir, eləcə də ilin sonunda parlament seçkiləri keçiriləcək. Ölkədəki müxalifət qüvvələri belə bir ərəfədə siyasi məhbusların sayının artacağı fikrini irəli sürürlər. İddialara görə, bu il etirazlar, yaxud etiraz kampaniyaları daha çox olacaq. Sizin bu illə bağlı proqnozunuz necədir?

- Azərbaycanda siyasi məhbusların sayı sıfırdır. Yəni ölkəmizdə siyasi məhbus yoxdur. Siyasi məhbus ilk növbədə öz əqidəsinə görə, qanunla icazə verilməyən siyasi fəaliyyət həyata keçirdiyinə görə həbs edilən insanlar qrupudur. Azərbaycanda heç kim siyasi əqidəsinə görə həbs edilməyib. Çünki bizim məramımız hüquqi demokratik dövlət quruculuğudur. Azərbaycanda insan hüquqlarının qorunduğu və qayğı göstərildiyi bir cəmiyyət formalaşır və bu istiqamətdə işlər davam etdirilir. Bu başqa məsələdir ki, müəyyən siyasi əqidədə olan şəxslər bu və ya digər qanun pozuntularına görə məhkəmə qarşısında dururlar. Hesab edirəm ki, məhkəmə qarşısında hamı bərabərdir. Bu baxımdan müxalifətin rəğbət bəslədiyi müəyyən qrup insanı siyasi məhbus elan etməsi əslində onların maraqlarına cavab verir.  Bu istiqamətdə iş apardıqlarına görə müəyyən dərəcədə qrant alırlar, xaricdə müəyyən dairələrin dəstəyinə malik olurlar və özlərinin mövcudluğunu yada salırlar. Prinsipcə, müxalifətin vəzifəsi hakimiyyətə müxtəlif proqramlar hazırlamaqdan ibarətdir. 

Uydurma siyasi məhbus məsələsi müxalif qüvvələr üçün mövcud olma, cəmiyyətə özünü göstərmə formalarından biridir. Azərbaycanda siyasi məhbus məsələsi olmadığına görə üzv olduğumuz beynəlxalq təşkilatlarla da hər hansı problemimiz yoxdur. Avropa Şurasının özü hələ indiyə kimi siyasi məhbus anlayışının nə demək olduğunu  ortaya çıxara bilməyib. Bu baxımdan Avropa Şurasında müəyyən şəxslərin, müəyyən qrupların Azərbaycanla bağlı ittihamları sadəcə olaraq siyasi mövqe nümayişi kimi qəbul edilir. Bu Avropa Şurasının rəsmi mövqeyi hesab edilə bilməz. 

Gələcəklə bağlı onu deyə bilərəm ki, Avropa Oyunları və seçkilərdən sonra Azərbaycanın qurduğu güclü inkişaf konsepsiyasına heç kim mane ola bilməyəcək.  Azərbaycan beynəlxalq birliyin fərdidir və bundan sonra da müasirliyə, demokratiyaya bağlılıq, inkişafa və stabilliyin qorunmasına öz töhvəsini vermə kimi  amallara sadiq qalacaq. Ümid edirik ki, dövlətimizin gələcək inkişafında da belə güclü, mübariz və yenilməz olacaq.

- Ölkədə iqtidar-müxalifət partiyaların vəziyyəti, onların fəaliyyəti və qarşılıqlı münasibətləri sizi qane edirmi? 

- Hər bir partiya özünün siyasi  proqramına uyğun fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası olaraq özümüzün proqramımızı və qarşımıza qoyduğumuz məqsədrləri cəmiyyətə açıqlamışıq. Müəyyən sosial bazamız var və həmin baza hər seçkilərdə qalib gəlməyə, cəmiyyətin adından danışmağa bizlərə imkan verir. Hər bir siyasi partiyanın öz auditoriyası var və onlar öz tərəfdarları ilə işləməyi bacarmalıdırlar. Mənfi, yaxud müsbət nəticə əldə etmələri müxalifətin öz problemidir və onların fəaliyyətlərinin nəticəsidir. 

- Milli Məclisin üzvü olaraq "Siyasi partiyalar haqqında” qanundan razısınızmı? Hansısa düzəlişlərə ehtiyac varmı?

- Yox, qanunda hər hansı bir dəyişikliyə ehtiyac görmürəm. Əvvəla təkmilləşdirmənin sonu yoxdur, həmişə onu daha yaxşı və daha səmərəli etmək olar. Lakin hazırkı dövrdə hesab edirəm ki, həmin qanun partiyaların sərbəst fəaliyyət göstərməsi üçün tamamilə məqbuldur. Partiyalar sərbəst fəaliyyət göstərə bilər. Pariyalar vətəndaşların hüquqlarının qorunmasında iştirak etməlidir. Partiyalar illik maliyyə hesabatlarını verməlidirlər və seçkilərdə minimum səs toplayan partiyalar dövlət tərəfindən müəyyən miqdarda maliyyə yardımı alırlar. Bu gün parlament üzvü olan partiyaların hər biri dövlət büdcəsindən payına düşən maliyyəni ala bilir. 
 
 
 

- Bir neçə il öncə çıxışınızda bildirmişdiz ki, Mingəçevirdən olan və qəbul imtahanı zamanı 700 bal toplayan abituriyentə siz öz maaşınızdan 100 manat mükafat verəcəksiniz? Bu doğrudurmu? 

- Bəli, mən həmin tələbə üçün verdiyim sözün üstündə dayanmışam. Sonuncu 700 bal toplayan abituriyentlər isə imkanlı ailələrdən olduğuna görə bunu hələlik dayandırmışam. Amma başqa bir formanı daha çox gücləndirmişəm. Məsələ, 700 bal toplayan abituriyentə  hər ay 100 manat verdim. Bundan sonra həmin abituriyentlərin sayı 2, 3, 4 oldu. Bu işlərlə paralel Azərbaycan Müəllimlər Universitetinin Mingəçevir filialında  və Mingəçevir Politexnik Universitetində oxuyan tələbələrin təhsil haqlarının bir hissəsinə kömək edirdim. Düşündüm ki, imkanlı ailənin 700 bal toplayan övladına maddi yardım etməkdənsə, həmin maliyyə yardımını təhsil haqlarına yönəltmək daha yaxşıdır.  2014 – 2015-ci illərdə ali məktəbə qəbul olunmuş 6 tələbənin təhsil haqlarının yarısını ödəmişəm. Bu tələbələrinin bəzilərinin valideynləri yox idi, bəziləri isə imkansız ailələrin övladları idi. Bu yardım prosesini həmişəlik davam etdirəcəm. Əsas məqsədim imkansız ailələrin övladlarının təhsil almasıdır. Qeyd edim ki, bu proseslə digər millət vəkili həmkarlarımda məşğul olur. 

Söhbətləşdi: Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM