Azərbaycan diplomatları Avstraliyanın beynəlxalq naziri ilə görüşüblər

21:00 | 02.06.2017
Azərbaycan diplomatları Avstraliyanın beynəlxalq naziri ilə görüşüblər

Azərbaycan diplomatları Avstraliyanın beynəlxalq naziri ilə görüşüblər

Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə və Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva bu ölkənin beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uellslə görüşüblər.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avstraliyalı nazirə Azərbaycanın siyasi-iqtisadi uğurları, energetika, nəqliyyat və digər sahələr üzrə regionda həyata keçirilən iri layihələr barədə geniş məlumat verilib.
 
K. Fierravanti-Uellsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasəti barədə məlumat verilib. Azərbaycan nümayəndələri ədalətli mövqe tutduğuna, habelə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Avstraliya tərəfinə minnətdarlığını bildiriblər.
 
K. Fierravanti-Uells isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Avstraliya hökumətinin mövqeyinin dəyişmədiyini bir daha vurğulayıb. O, həmçinin ölkəsinin Azərbaycanla həm siyasi, həm də ticarət-iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində böyük maraq göstərdiyini ifadə edib və dövlətlərarası münasibətlərin vacib  hissəsi sayılan parlamentlərarası münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
 
Tərəflər həmçinin Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindən sayılan qeyri-neft sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüşdə kənd təsərrüfatı, turizm, İnformasiya Texnologiyaları kimi sahələrdə əməkdaşlıq və Avstraliyanın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.
 
Bundan başqa, Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti barədə məlumat verilib. K. Fierravanti-Uells Avstraliya multikulturalizm nazirinin keçmiş müavini olaraq müasir dünyada multikulturalizm dəyərlərinin təbliğ olunmasının vacibliyini anladığını qeyd edib və Azərbaycanın bu istiqamətdə səylərini dəstəkləyib. 
 
Qeyd olunub ki, bu il Azərbaycanla Avstraliya arasında diplomatik münasibətlərin 25 ili tamam olur. Eləcə də münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM