Rusiyanın Tula şəhərində dekabrın 15-dən 20-dək “Gülümsə, Rusiya!” adlı XIV Rusiya Açıq Komediya Festivalı keçirilib.
Azərbaycanın Rusiyadkı səfirliyinin mətbuat xidmmətindən APA-ya verilən məlumata görə, bu ilki festivalda son illər ərzində Rusiya tərəfindən istehsal olunan komediya filmləri, həmçinin premyera nümayişləri olub.
Festival çərçivəsində “Qorxma, mən səninləyəm! 1919” bədii filminin premyerası baş tutub. Filmin müəllifi tanınmış rejissor Yuliy Qusmandır. O, filmi dekabrın 17-də tamaşaçılar və festival iştirakçılarına təqdim edib.
Dekabrın 20-da festivalın bağlanış mərasimində filmin yaradıcılarından biri, bəstəkar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib. Münsiflər heyəti yekdilliklə “Qorxma, mən səninləyəm! 1919” filmini festivalın ən yaxşı filmi elan ediblər. P.Bülbüloğlu filmə yazdığı musiqiyə görə ayrıca diplomla təltif olunub.
P.Bülbüloğlu filmin yaradıcı heyəti adından festival təşkilatçılarına, münsiflər heyətinə və iştirakçılara minnətdarlığını bildirib. Tamaşaçılar üçün əsl hədiyyə isə P.Bülbüloğlunun ifasında səslənən “Qorxma, mən səninləyəm! 1919” filminə yazılmış mahnı olub.
Qeyd edək ki, “Gülümsə, Rusiya” kinofestivalının işində aktyorlar, bəstəkarlar, rejissorlar və yazıçılar iştirak ediblər.
Qaynar.info