“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 50 illik yubileyi keçiriləcək

18:53 | 23.12.2015
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 50 illik yubileyi keçiriləcək

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 50 illik yubileyi keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda müzakirə olunan məsələlərdən biri Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında olub.

AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev bildirib ki, bu ilin dekabrında Azərbaycanda ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 ili tamam olur. Akademik Ensiklopediya Baş redaksiyası tərəfindən hazırlanmış "Azərbaycan Sovet Ensiklopediyası”nın sovet dövründə Azərbaycanın özünəməxsus tarixi-mədəni nailiyyətləri barədə mükəmməl ensiklopedik informasiya bazası rolunu oynadığını və cəmiyyətin informasiya ehtiyaclarının ödənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Akademik qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra tarixi və mədəni proseslərə yeni baxışın ortaya çıxması, elm tarixinin elmi informasiyalarla zənginləşməsi yeni çoxcildli universal milli ensiklopediyanın hazırlanması zərurətini yaradıb. Elmi Mərkəzin direktoru bildirib ki, məhz bu tələbdən irəli gələrək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 may 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi təsis olunub. Akademik Mərkəzin müasir tələblərə uyğun hazırladığı nəşrlərin bu gün də mükəmməl informasiya mənbəyi kimi cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malik olduğunu əlavə edib.

"Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin ölkənin milli sərvəti olduğunu deyən akademik Tofiq Nağıyev ölkə başçısı İlham Əliyevin 24 noyabr 2015-ci il tarixli "Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını xatırladıb. Qeyd edib ki, sənəddə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti İşçi qrupunun yaradılması və tərkibinin müəyyənləşdirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, yubileyə dair tədbirlər planı hazırlanıb Rəyasət Heyətinə təqdim edilməli və müvafiq nazirliklərlə razılaşdırılmalıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür