Azərbaycanda 11 məhbus yoxa çıxıb? - AÇIQLAMA

20:49 | 09.01.2015
Azərbaycanda 11 məhbus yoxa çıxıb? - AÇIQLAMA

Azərbaycanda 11 məhbus yoxa çıxıb? - AÇIQLAMA

Ədliyyə Nazirliyi Penitensiar Xidmət 14 saylı Cəzaçəkmə Müəssisəsində yoxa çıxdığı bildirilən 11 məhkumun taleyi ilə bağlı sorğuya cavab verib.

Penitensiar Xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov lent.az-a bildirib ki, Cəza İcra Məcəlləsinin 16-cı maddəsi müxtəlif səbəblərə görə (xəstəlik, istintaqla bağlı müvəqqəti olaraq istintaq təcridxanasına keçirilmə, təhlükəsizliyin təmini və s.) yerləri dəyişdirilmiş məhkum və təqsirləndirilən şəxslər barədə informasiya verməyi cəzanı icra edən orqana qadağan edir: "Bu barədə məhkumun razılığı ilə yalnız onun hüquqlarını müdafiə edən şəxs və ya yaxınları məlumatlandırılır”.

"Siyasi Məhbuslarsız Azərbaycan” (SMA) İctimai Alyansı 14 saylı Cəzaçəkmə Müəssisəsində baş verənlər, məhbusların işgəncəyə məruz qalması, onların "kars”a salınıb "Tubzon”a göndərilməsi, ailələrindən gizlədilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "22 dekabr 2014-cü ildə 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin işgəncə verilərək qətlə yetirilməsindən sonra adı çəkilən müəssisədə vəziyyət bu gün də gərgin olaraq qalır. Baş vermiş cinayətin üstünü açmaq, cinayəti törədənləri məsuliyyətə cəlb etmək əvəzinə qətlə yetirilmiş dustaq yoldaşlarına həmrəylik nümayiş etdirən məhbusların dekabrın 26-dan başlayaraq vəhşicəsinə döyülərək onlara işgəncə verilməsi davam edir. Həmin dustaqların bir qismi Rza Ağalı, İlham Hətəmov və digərləri "kars”a salınıb. Araz Quliyev, Anar Qasımlı, İsa Yaqubov daxil olmaqla 10-dan artıq məhbusu vərəm dispanseri olan "Tubzon” deyilən yerə aparıblar. Həmin dustaqlardan bu günə qədər heç bir xəbər yoxdur. Valideynlərin onlarla görüşməsinə belə imkan verilmir. Ailə üzvlərinin verdiyi məlumata görə, adı çəkilən məhkumlar sağlam olublar, vərəm və digər xəstəliklərdən indiyə qədər heç bir şikayətləri olmayıb. Onların "Tubzon”a aparılması həmin məhbuslara verilən işgəncələri ört-basdır etmək üçündür”.

Bəyanatda vurğulanır ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində baş verənlər, dustağın döyülərək öldürülməsi, cinayətin üstünü açmaq əvəzinə digər məhbuslara ağır işgəncələr verilməsi, onların gizlədilməsi, öz ailə üzvləri ilə təmas qurmasına, görüşməsinə imkan verilməməsi böyük qanunsuzluq, insanlıq adına utanc və biabırçılıqdır.

"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhbusların saxlandığı yerlərə, həbsxanalara maneəsiz giriş imkanına malik olan qurumlara, o cümlədən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Bakı ofisinə, Ombudsman Aparatına, ədliyyə naziri yanında İctimai Komitəyə, hüquq müdafiəçilərinə müraciət edərək onları 14 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə otağında ("kars”da) "Tubzon” deyilən yerdə saxlanan dustaqlarla görüşüb onların sağlıq durumu və onlara olan münasibəti öyrənməyə, diqqətdə saxlamağa çağırıb.

"Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin insanlıq və din adına həqarət olan 14 saylı Cəzaçəkmə Müəssisəsində baş verənlərlə bağlı öz nüfuzundan istifadə edərək müdaxilə etməsini, dustaqların həyatı üçün yaranan təhlükənin aradan qaldırılması üçün  hörmətli şeyxi müvafiq addımlar atmağa çağırırıq. Təəssüflə qeyd etmək lazımdır ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərə, zorakılığa, işgəncələrə məruz qalan dustaqların böyük bir qismi oruc tutub namaz qılan din adamlarıdır”.

Təşkilat həbs yerlərində məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması, məhbuslara qarşı qanun çərçivəsində münasibət göstərilməsini, zorakılığa və qanunsuzluğa yol vermiş Penitensiar Xidmət əməkdaşları haqqında ölçü götürülməsini tələb edib.

Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin müəmmalı ölümündən sonra etiraz edən məhbusların bir qisminin taleyi müəmmalı olaraq qalır. Məhkum valideynləri 11 nəfərin Binə qəsəbəsində vərəmli məhbuslar üçün nəzərdə tutulan "Tubzon”da saxlandığını bildirirlər. Valideynlər məsələ ilə bağlı onlara dolğun informasiya verilmədiyini də qeyd edirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM