Azərbaycanda ATS-lərin bağlanması qaçılmazdır - ARAŞDIRMA

10:52 | 19.12.2013
Azərbaycanda ATS-lərin bağlanması qaçılmazdır - ARAŞDIRMA

Azərbaycanda ATS-lərin bağlanması qaçılmazdır - ARAŞDIRMA

2008-ci ildən bu yana Azərbaycanın şəhər mənzillərində ev telefonlarının sayı 12 faizə qədər artıb. Əgər 2008-ci ildə ölkə şəhərlərində 941 min ev telefonu olubsa, 2012-ci ilin sonunda bu say 1 milyon 47 mini keçib. Bu, dünyada geniş vüsət almış ev telefonlarından imtina meylindən kəskin fərqlənir. 2008-ci ildən başlayaraq dünyanın əksər inkişaf etmiş ölkələrində stasionar telefonlardan imtina hərəkatı başlayıb və bu, ildən ilə genişlənir. Məsələn, beynəlxalq “MForum Analytics” şirkətinin tədqiqatına görə, Rusiyada hər dəfə tarif qalxdıqca ev telefonlarından imtina meyli sürətlənir. Əgər 2008-ci ilə qədər Rusiyada ev telefonlarının sayı durmadan artaraq 34 milyona çatmışdısa,. 2009-ci ildə 180 min, 2010-cu ildə 600 min, 2011-12-ci illərdə isə 1,5 milyon rus ailəsi stasionar telefonlardan imtina edib.Amerikada isə vəziyyət daha kəskindir. “Telecommunication Research and Action Center” tədqiqat mərkəzinin mütəxəssisləri bu yaxınlarda bəyan ediblər ki, 2018-ci ildə amerikalıların əksəriyyəti mobil telefonla danışacaq. Hazırda ABŞ-ın 115 milyon aiə təsərrüfatının yarıdan çoxunda yalnız mobil telefondan istifadə edirlər.Azərbaycanın kənd ailə təsərrüfatlarında da oxşar mənzərə müşahidə edilməyə başlayıb. Əgər 2011-ci ildə ölkənin kənd mənzillərində 284,3 min stasionar telefon olubsa, 2012-ci ildə bu say 700 ədəd azalaraq 283,6 minə düşüb. Yəni 700 kənd ailəsi ev telefonundan imtina edib. Kənddə hər min nəfərə düşən telefon göstəricisi isə 32-dən 31-ə düşüb. Səbəb aydındır, camaat lazımi adamları hər an hər yerdə tapmaq imkanı olan mobil telefonlara üstünlük verir.Lakin bu məsələdə də dönüş edilə və paytaxt Bakının təcrübəsi işə yaraya bilər. Paytaxda stasionar telefon abunəçilərinin sayının artması heç də asan başa gəlməyib. Son bir neçə ildə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi bütün resurslardan istifadə edərək öz mövcudluğunu qorumağa çalışıb. Əsas diqqət ucuz geniş zolaqlı internet imkanlarının təqdim edilməsinə yönəldilib. Bu bir faktdır ki, hazırda Bakıda və digər şəhərlərdə, o cümlədən böyük kənd və qəsəbələrdə ayda 10 manat ödəməklə stasionar şəbəkə üzərindən etibarlı və keyfiyyətli geniş zolaqlı internet əldə etmək mümkündür. Simsiz internet vasitələri isə eyni keyfiyyətdə xidmət üçün ən azı 25 manat təklif edirlər, üstəlik bunun üçün daha bahalı modemə ehtiyac var. İndi Azərbaycanda yaşlı nənələr də internet istifadəçisinə çevrilib və bunun əsas sirri “Skype”la bağlıdır. “Skype” çıxandan sonra camaat artıq mobil telefonları arxa plana keçirib. Yəni bu xidmət başqa şəhərlərdə yaşayan qohum-əqraba ilə saatlarla pulsuz video danışıqlara imkan verir. Xariclə danışmaq baxımından isə daha əlverişlidir. “Skype” danışıqlarının avtomatik şəkildə kompüterə yazılması imkanı da var ki, bu, işgüzar baxımdan çox cəzbedicidir. Düzdür, evdə bu xidmətdən istifadə etmək mütləq qiyməti zən azı 500 manat ətraında dəyişən compüter almaq lazımdır ki, buna da əksər ailələrinin imkanı çatmır. Amma artıq satışa video danışıqlardan, “Skype” kimi xidmətlərdən istifadə etməyə, SMS-lər yollamağa imkan verən stasionar telefonlar çıxarılır. Yəni daha ucuz texniki vasitələrlə bu kimi xidmətlərdən yararlanmaq mümkündür.Həmçinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev ANS PRESS-in əməkdaşı ilə söhbətində stasionar telefon abunəçilərinə xidmətin yaxşılaşdırılması üçün hazırda da bir çox işlər görüldüyünü bildirir: “Hazırda ATS-lərdən uzaq məhəllələrə internet verilməsini yaxşılaşdırmaq üçün xüsusi avadanlıqlar quraşdırılır. Həmçinin məhəllələrə optik xətlər çəkilir. Bu, stasionar telefon abunəçisinin eyni xətt üzərindən həm telefon, həm geniş zolaqlı internet, həm IP telefon, həm də IP televiziya xidmətləri almasına imkan verir”.Əslində, bu şəbəkə Azərbaycanın elektron hökumətə hazırlığının bir mərhələsidir. Elektron hökumət NGN (Next Generation Networks) texnologiyalarını vacib edir ki, bu, ATS-lər və mis kabellər dövrünü arxada qoyacaq. Optik xətlər üzərindən həyata keçirilən bu texnologiya inkişaf etdikcə ev telefonu internetə girməyə, video danışıqlar etməyə, elektron sənəd imzalamağa, onlayn alış-veriş aparmağa, videl müşahidələr təşkil etməyə imkan verən bir qurğuya çevriləcək ki, simsiz vasitələrlə bunu həyata keçirmək çətindir. Silisium əsasında istehsal edilən fibro optik xətlərin hava şəraitinə müqaviməti də yüksəkdir. Yəni belə xətlərdə qısa qapanma, soyuq qaynaq və s. kimi problemlər olmur. NGN texnologiyalarının inkişafı ilə ATS-lər erası arxada qalacaq və bir “Softswitch”, yəni proqram kommutatoru 40-a yaxın ATS-i əvəz edə biləcək.Artıq bu texnologiyalara hazırlıq Azərbaycanın regionlarına da yayılmağa başlayır. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz ANS PRESS-ə bildirib ki, Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan üç illik “Evlərə optika” layihəsi çərçivəsində regionlarda da abunəçilərin geniş zolaqlı internetdən istifadə etmək imkanları yaxşılaşdırılacaq. Ümumi dəyəri 450 milyon manat olan layihə çərçivəsində 2014-cü ilin dövlət büdcəsi üçün 105 milyon manat vəsait nəzərdə tutulub. “Evlərə optika” layihəsi Azərbaycanın bütün kəndlərinə fibro-optik xətlərin çəkilməsinə imkan yaradacaq. “Beləliklə, yaxın üç ildə Azərbaycanın hər bir evinə sürətli internet çatırıla biləcək”,- deyə Osman Gündüz vurğulayır.Amma bütün bunlar yaxın perspektivin işidir və hələ ki, bütün dünyada olduğu kimi. Azərbaycanda da mobil telefonlarla stasionar telefonlar arasında rəqabət mübarizəsi gedir. Danışıqlar məsələsində ilk baxışdan mobil telefonlar qalib kimi görünsə də, Dünya Səhiyyə Təşkilatının (DST) bəyanatları prosesi ev telefonlarının xeyrinə dəyişə bilər. DST mütəxəssislərinin bu yaxınlarda yaydığı bir açıqlama artıq bir çox istifadəçilərin stasionar telefona üstünlük verməsinə səbəb olub. DST-nin tədqiqatına görə, 10 il ərzində hər gün 30 dəqiqədən çox mobil telefonla danışan insanların xərçəngə tutulma riski 40 faiz artıb. Buna səbəb mobil telefonların şüalandırdığı elektro-maqnit dalğalarıdır ki, ev telefonlarında belə risk yoxdur. Bu fakt da Azərbaycanda stasionar telefonların ömrünü uzada bilən amilə çevrilə bilər. Nə isə, yaşasaq, görərik… ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb