Azərbaycanda cəza çəkən məhkum əsgərlərin sayı AÇIQLANDI

15:04 | 15.10.2015
Azərbaycanda cəza çəkən məhkum əsgərlərin sayı AÇIQLANDI

Azərbaycanda cəza çəkən məhkum əsgərlərin sayı AÇIQLANDI

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov oktyabrın 14-də Müdafiə Nazirliyinin tabeliyində olan Salyan rayonu, Xıdırlı qəsəbəsində yerləşən "N” saylı intizam xarakterli hərbi hissədə olub.

Bu haqda Modern.az saytına məlumat verən komitə sədri orada cəza çəkən məhkum-əsgərlərlə görüşdüyünü deyib:

"Burada hərbi xidmət zamanı cinayət törədən əsgərlər saxlanılır. Məhkəmənin qərarı ilə cəza alan əsgərlərin sayı təxminən 50 nəfərdən azdır. Onların hamısı saxlanma şəraitindən, zabitlərin onlara qarşı münasibətindən razıdır. Məhkum əsgərlər yeməklərinin yaxşı olduğunu, hər gün ətlə hazırlanmış milli xörəklər verildiyini dedilər. Əsgərlərdən ibarət mühafizə xidmətinin nəzarəti altındadırlar, tam qapalı şəraitdə saxlanılırlar. Onları harasa aparıb işlətmirlər. Gündəlik hərbi dərslərlə, silah-sursatla davranış qaydalarını öyrənirlər. Geyimləri, saxlanma şəraitləri təmizdir. Məhkum-əsgərlər orada hərbi geyimdədirlər, amma kəmərləri  və bəzi əşyaları götürülüb.
Onların sözlərinə görə, Zakir Həsənov müdafiə naziri təyin edilənə kimi orada vəziyyət çox pis olub. Tez-tez mübahisələr düşürmüş. İndi isə hər şey yaxşılığa doğru dəyişir”.

Elçin Behbudov məhkum-əsgərlərin intizam xarakterli hərbi hissəyə düşmə səbəblərinə də aydınlıq gətirib:

"Onlar müxtəlif səbəblərdən buradadır. Cəzaları 1 ildən çox deyil. 5 ay, 8 ay və s. cəza alanlar var. Onu da qeyd edim ki, cəza müddəti bitdikdən sonra onlar hərbi hissəyə qayıdaraq xidmətilərini başa vururlar. Nəzərinizə çatdırım ki, məhkum-əsgərlər arasında ölüm, zabitlər tərəfindən döyülmə halları olmayıb. Həmçinin onlar günaşırı vərəm xəstəliyinə görə yoxlanışdan keçirlər”.

Hüquq müdafiəçisi məhkum əsgərlərin bəzi narazılıqlarının olduğunu və bununla bağlı hərbi prokuror Xanlar Vəliyevlə görüşəcəyini bildirib:

"Bəzi məhkumlar məhkəmənin qərarından, istintaqın gedişindən narazıdır. Onlardan bir neçəsi ilə söhbət zamanı bəlli oldu ki, hətta bir sillə, söyüşə görə həbs cəzası alıblar. Mən onlarla razılaşıram. Çünki, onlar bu hərəkətlərinə görə hərbi hissədə 15 günlük hauptbakta da salına bilər. Bunları nəzərə alaraq yaxın günlərdə respublikanın hərbi prokuroru cənab Xanlar Vəliyevlə görüşəcəyəm”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM