“Azərbaycanda ciddi maaş artımı gözlənilmir”

15:07 | 16.09.2015
“Azərbaycanda ciddi maaş artımı gözlənilmir”

“Azərbaycanda ciddi maaş artımı gözlənilmir”

Əhalinin sosial durumunu müəyyənləşdirən əsas göstəricilərdən biri minimum istehlak səbətinin dəyəri və aylıq minimum gəlirdir. Hökumət nümayəndələri hər nə qədər iqtisadi göstəricilərin yüksəldiyini iddia etsələr də, real vəziyyət fərqlidir...

Əslində hər şey 21 fevral devalvasiyasından başladı. Devalvasiyadan sonra gözlənilən bahalaşma isə son bir ayda daha da sürətlənib. Prosesi ləngidən isə ilk zamanlar inzibati üsulla edilən müdaxilələr oldu. Hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlər bahalaşmanın qaçılmaz olduğunu bildirir. İş yerlərinin bağlanması, maaş artımının olmaması, həmçinin ərzağın bahalaşması, insanları intihara sürükləyən kredit borcları böhranın ilk işartılarıdır.

İqtisadçı Natiq Cəfərli Modern.az saytına deyib ki, indiki şəraitdə maaşların əhalini qane etməməsi təbiidir:

"Azərbaycanda əhali qruplarının böyük kəsiminin büdcə təşkilatlarında çalışdığını və orada da maaşların həddindən artıq aşağı olduğunu nəzərə alsaq, devalvasiya və qiymət artımının sürətləndiyi bir dövrdə insanlarımızı təbii olaraq qane etmir. Azərbaycanda ən yüksək maaş alanlar bank və neft sektorlarında çalışanlardır. Bu qismin sayı da kifayət qədər azdır. Amma müəllimlər, həkimlər, büdcə təşkilatlarında kiçik və orta məmurların sayı olduqca çoxdur. Təqribən 950 minə qədər insan büdcə təşkilatlarında çalışır. Bu sektorda çalışanların 90 faizinin maaşı 300 manat civarındadır. Bu, indiki şəraitdə çox böyük ədalətsizlikdir”.

Ekspert maaş artımını arzu olunan hesab etsə də, bunun real görünmədiyi qənaətindədir:

"Azərbaycan dövlətinin gəlirlərinin azaldığı bir şəraitdə hökumətin maaşları kəskin artırması ilə bağlı addımlara gedilməsi ehtimalı sıfıra bərabərdir. Ümumiyyətlə, 2016-cı ilin büdcə müzakirələrindən maaş artımı ilə bağlı nə isə gözləmək əbəsdir”.

İqtisadçı özəl sektorun da büdcədən maliyyələşən sektorlardan yaxşı durumda olmadığını deyib:

"Azərbaycanda qanunvericilikdə nəzərdə tutulan vergi dərəcələri kifayət qədər yüksək olduğundan özəl sektorda çox zaman maaşlar formal göstəricidən bir qədər yüksək olur. Bunu da rəhbərlər vergidən yayınmaq, güzəştlər etmək üçün edirlər. Çox zamanlar əmək müqavilələri, ümumiyyətlə, ya bağlanmır, ya da bağlanan müqavilələrdə maaşlar aşağı göstərilir. Azərbaycanda bu tendensiya var və illərdir davam edir. Bunun da günahı özəl sektorda deyil, vergi dərəcələrinin yüksək olmasındadır.

Yəni işləri rəsmiləşdirməyə stimulun olmamasıdır. Dünya ölkələrindəki kimi, Azərbaycanda da biznesə stimullaşdırıcı paket təklif olunmalıdır. İş yerlərinin bağlanması, yaranmış durğunluq əhalinin sosial vəziyyətinə mənfi təsirlərini davam etdirməkdədir”.

Büdcə maaş artımına gedilməsinə yol vermir, digər tərəfdən istehlak məhsullarının qiyməti artmaqda davam edir. Bu halda vətəndaş nə etməlidir?

Natiq Cəfərli deyir ki, bu məqamda vətəndaşın edə biləcəyi hər hansı bir şey yoxdur:

"İnsanlar istər ərzaq məhsullarında, istərsə də geyimdə maksimal qənaət rejiminə keçəcək. Sağlamlıq, təhsillə bağlı elə xərclər var ki, onlara qənaət etmək mümkün deyil.

Hökumət isə ölkədə iş, biznes şəraitinin, rəqabətli mühitin artmasına diqqət ayırmalıdır. Bunun müqabilində həm qiymətlər aşağı düşər, həm də yeni iş yerlərinin açılmasına stimul yaranar. Görünən odur ki, nə inhisarçılıq, nə də biznesə olan basqılarla bağlı normal addımlar atılmayıb. Nəzarətedici  və vergi orqanları biznes fəaliyyətinə kəskin müdaxilələr edir. Bunun nəticəsidir ki, son günlər bağlanan pərakəndə satış nöqtələrinin, şirkətlərin, obyektlərin sayı artmaqdadır. Bunu vizual olaraq hər bir vətəndaş müşahidə edir. Əvvəllər işlək vəziyyətdə olan dükanlar, mağazalar, ofislərin bağlandığını, yaxud satıldığını, icarəyə verildiyini görürük. Bu indikator əslində özəl sektorda da ciddi nöqsanlar olduğunu göstərir. Hökumət bu barədə düşünməlidir. Biznes işinə müdaxiləni minimuma endirməlidir.

Bu məsələlər həm də çox ciddi psixoloji problemlər yaradır. Ailələrin dağılmasına səbəb olur. Statistika da göstərir ki, bu ilin ilk yarısının göstəriciləri ötən ilə nisbətdə artıb. İqtisadi problemlər psixoloji, sosioloji, sonda siyasi problemlərə gətirib çıxarır. Azərbaycan hökuməti anlamalıdır ki, insanların sosial problemləri artdıqca, bu, hər bir sahəyə sirayət etməkdədir. Bizdə isə hökumət təkliflər hazırlamır, hansısa işlər görmür. Ən azından ölkədə böhran əleyhinə planı belə yoxdur”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM