Azərbaycanda yeni ferma tikilir

11:41 | 15.09.2016
Azərbaycanda yeni ferma tikilir

Azərbaycanda yeni ferma tikilir

"Azərsun Holdinq"ə məxsus olan Kürdəmir Heyvandarlıq Kompleksinin Ağsu rayonu ərazisindəki  Padarçöl adlanan sahədə yeni fermasının tikintisinə başlanılıb.

Bunu kompleksin rəhbəri Salih Türk bildirib.

O məlumat verib ki, müəssisə 2011-ci ildən fəaliyyət göstərir. İlk mərhələdə xaricdən 121 baş  "Holstein Friesian” cinsli qaramal alınıb gətirilib.  Keçən ilin iyulunda da Hollandiyadan əlavə olaraq 224 baş qaramal alınıb. Bundan başqa ötən ilin sentyabrında Bərdədən daha 100 baş yerli şəraitdə yetişdirilmiş heyvan alınaraq sürüyə daxil edilib. Yerli şəraitdə yetişdirilən qaramalın saxlanılma riski əlbəttə ki, xeyli az olur.

Hazırda kompleksdə saxlanılan heyvanların ümumi sayı 625 başdır. Belə ki, burada 254 sağmal inək, 154 buzov var. 234 döl verməyə hazırlaşan heyvandan isə  yaxın zamanda bala alınması gözlənilir.

Təsərrüfatın əsasən südlük təmayüllü olduğunu deyən müsahibimizin sözlərinə görə, heyvanbaşına gündəlik süd istehsalı 23 litrdir. Doğulan buzovların ölüm halları da demək olar ki, ən minimal səviyyəyə düşüb.

Burada 21 nəfər işləyir. Orta aylıq əməkhaqqı 500 manat təşkil edir. Müəssisənin Ağsu rayonu ərazisindəki  Padarçöl adlanan sahədə 500 hektar əkin sahəsi var. Həmin ərazidə yeni fermanın tikintisinə başlanıb. Məqsəd qaramalın sayının 5 min başa çatdırılmasıdır.

Ərazidə 74 çeşiddə məhsulun istehsal edildiyi Süd emalı zavodu fəaliyyət göstərir. Burada yağ, pendir, yoqurt, şor və digər ağartı məhsulu istehsal edilir.

Qeyri-neft sektoruna göstərilən dövlət qayğısı, bu sahəyə verilən dəstək bölgələrdə təkcə aqrar sahənin deyil, sənayenin inkişafında da əhəmiyyətli rol oynayır. Əslində bu sahələr bir-biri ilə sıx bağlıdır. Məsələn, bu gün rayonda fəaliyyət göstərən və regionda ən iri istehsal sahələrindən olan Kürdəmir Süd emalı zavodunu xammalla sözügedən heyvandarlıq kompleksi təmin edir. Hazırda müəssisədə 74 çeşiddə heyvandarlıq məhsulları istehsal edilir.

Sutkalıq istehsal gücü 100 ton olan zavod 2013-cü ildən fəaliyyət göstərir. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi bu iri sənaye obyekti Almaniya, İtaliya, İsveç və Türkiyə şirkətlərinə məxsus ən müasir texnoloji avadanlıqlarla təchiz edilib. Hazırda 138 nəfərin çalışdığı istehsal sahəsində hər il modernləşdirmə və avtomatlaşdırma üçün əlavə vəsait ayrılır. Bu da məhsulların rəqabətədavamlılığına imkan verir.

Zavodda istehsal olunan məhsullar beynəlxalq keyfiyyət sertifikatı alıb. "Azərsüd” markası ilə buraxılan müxtəlif növ pendir, kərə yağı, üzlü və üzsüz qatıq, ayran, böyüklər və uşaqlar üçün ayrı-ayrı çeşidlərdə istehsal olunan digər  məhsullar hələlik daxili bazarlara çıxarılır. Gələcəkdə isə müəssisə müəyyən məhsullarını ixrac etməyi hədəf götürüb. //"Azərbaycan" qəzeti

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM