Azərbaycanda yeni Texniki Komitə yaradıldı

11:59 | 26.02.2016
Azərbaycanda yeni Texniki Komitə yaradıldı

Azərbaycanda yeni Texniki Komitə yaradıldı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə "Alternativ və bərpa olunan enerji və enerji  səmərəliliyi sahəsinin standartlaşdırılması" üzrə Texniki Komitə yaradılıb.

Komitədən ANN.Az-a verilən məlumata görə, "Alternativ və bərpa olunan enerji və enerji  səmərəliliyi sahəsinin standartlaşdırılması" üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycanın mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

Texniki Komitəyə ümumilikdə 13 dövlət və qeyri-hökumət təşkilatının əməkdaşları üzv seçilib. Bunlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentini, Milli Elmlər Akademiyasının Radiasiya Problemləri və Fizika İnstitutlarını, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbələrini misal göstərmək olar.

Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM