Azərbaycanlı deputatlar bayramı necə keçirəcəklər?

11:01 | 19.12.2015
Azərbaycanlı deputatlar bayramı necə keçirəcəklər?

Azərbaycanlı deputatlar bayramı necə keçirəcəklər?

Artıq Yeni ilin gəlişinə sayılı günlər qalıb.

 Hər kəs bu bayramı bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimsə bayramı evində, ailəsi və qohumları ilə birgə keçirir, kimsə xaricə üz tutur. Bir sözlə, hamının bayramla bağlı müxtəlif planları var.

Milli Məclisin deputatları Yeni il planları ilə bağlı anspress-ə danışıblar.

Millət vəkili Vahid Əhmədov bayram günü Qubada olacağını deyib:

"Məndə olan məlumata görə, insanlar Yeni ili Dubayda, Gürcüstanda keçirməyə üstünlük verirlər. Amma bu, düzgün deyil. Xüsusən, iqdisadiyyatın zəif olduğu bir vaxtda yaxşı olar ki, hamı pulu elə Azərbaycanda xərcləsin”.

Fazil Mustafa deyir ki, Yeni ili xüsusi təntənə ilə keçirməyi sevmir:

"Bayramı yalnız uşaqlara görə keçirirəm. Onlar Şaxta Baba, Qar Qızı, yolkanı görürlər, biz də bu şəraiti onlara təşkil edirik. Amma özümün Yeni ilə bir münasibətim yoxdur, nə mənfi, nə müsbət. Amma bayram günü evdə oluram. Bir dəfə olub ki, Yeni ili İsmayıllıda keçirmişik. Ümumiyyətlə, bayram vaxtı ya evdə, ya bağda oluruq.

Çoxu xaricə gedir, amma hesab edirəm ki, bu yorğunluqdan başqa bir şey deyil. Həm də nəyə görə belə tədbirlərdə vəsaiti xaricə sərf edim ki... Əyləncə yerlərinə getmirəm, evdə, yaxud rayonda da olsam, bilirəm ki, vəsait öz ölkəmə xərclənir”

Millət vəkili Bahar Muradova deyir ki, hələ indiyədək heç vaxt nə Novruz bayramını, nə də Yeni ili xaricdə keçirməyib:

"Məndə belə bir inam var ki, hər kəs bayramda öz evində olmalıdır. Nə qədər ki, mən varam və nə qədər ki, Yeni il, Novruz bayramı olacaq, mən də onları evimdə keçirəcəm”.

Çingiz Qənizadə də bayramı Azərbaycanda keçirməyə üstünlük verdiyini söyləyib:

"Yeni il gecəsini xoşlayıram ki, ya dostlarımdan bir ailə, ya da qohumlarımdan bir ailə bizim evdə olsunlar. Sevirəm yaxınlarımı süfrə arxasına toplayım. Bir qayda olaraq, heç bir bayramı xaricdə keçirməyə üstünlük verməmişəm.

Bəzən bayram yeməyindən sonra ola bilər ki, ailəvi dəniz kənarına gedək, vəssalam. Əgər bayram günü 3-5 nəfəri sevindirə bilirəmsə, bundan böyük xoşbəxtlik ola bilməz. Pulu çox olan insanlar da məncə, belə etsələr daha yaxşı olar”.

Hazırda xaricdə olan Qənirə Paşayeva Yeni ildə Tovuzda olacağını və heç bir xarici ölkəyə getməyəcəyini söyləyib. O deyir ki, seçicilərlə bayram keçirməyi çox sevir.

Nizami Cəfərov hələ ki, bayramı harada keçirməyi müəyyənləşdirmədiyini bildirib:

"Çox güman ki, bayramda Bakıda olacam. Vaxt olsa, Ağstafaya gedəcəm. Xarici ölkələrə qışda getməyi sevmirəm. Bəziləri Yeni ili gedib Dubayda keçirir, belə insanlar mənə çatmır. Qışın və Yeni ilin gözəlliyi odur ki, soyuq olsun.

Olub ki, qışda Moskvaya gedim. Amma bu il hələ ki, planlaşdırmamışam bayramda dəqiq harada olacam. Amma xaricdə keçirməyə də yaxşı baxıram. Bayramda xaricə getməyə ona görə üstünlük verilir ki, bayram özü istirahət günü deməkdir. İş vaxtı insanların harasa getməyə vaxtları olmur, ona görə, bayramlarda xaricə gedirlər. Həm də xaricə getmək üçün cibinin dolu, bir də zamanın olması yetərlidir”.

Aydın Mirzəzadə də bir qayda olaraq Yeni ili evdə keçirirmiş:

"Ailəmdə bu mövzu müzakirə olunmur. Çünki hamı bilir ki, mən ili mütləq evimdə qarşılamalıyam. Hamı gərək belə eləsin. Hesab edirəm ki, Yeni il gələndə hər kəsin qapısını döyür və mütləq içəridən səs gəlməlidir”.

Məlahət İbrahimqızı nəinki Yeni ili, bütün bayramları öz evində keçirməyi sevdiyini söyləyib:

"Onsuz da adi vaxtlar işlə əlaqədar xarici ölkələrə gedirik, amma bayramlarda həmişə öz evimdə, ailəmlə birgə olmağı xoşlayıram”.

Səyavuş Novruzov isə bayramla bağlı hələ ki, heç bir planının olmadığını deyib. Onun sözlərinə əsasən, bu, həm xarici ölkələdən biri , həm də Azərbaycan ola bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür