Bakı Ali Neft Məktəbində 8 mart günü qeyd olundu

16:12 | 06.03.2015
Bakı Ali Neft Məktəbində 8 mart günü qeyd olundu

Bakı Ali Neft Məktəbində 8 mart günü qeyd olundu

Bakı Ali Neft Məktəbində 8 mart-Beynəlxalq qadınlar gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  sədrinin müavini Aynur Sofiyeva, BANM-in professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər. 

 Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-də çalışan xanım əməkdaşların timsalında  bütün Azərbaycan xanımlarını 8 mart-Beynəlxalq qadınlar günü münasibəti ilə ürəkdən təbrik edərək,  hər birinə bahar əhval-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzu etdi. Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial və mədəni həyatındakı önəmli rolundan bəhs edərək, onların hal hazırda ölkəmizin dövlət idarəetmə strukturlarında, o cümlədən dövlət müəssisələrində və özəl sektorlarda rəhbər vəzifələrdə çalışdıqlarını qeyd etdi. Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan, mövqeyindən söz açaraq, onların həm mərd və cəsarətli, həm də qayğıkeş ana olaraq öz ailəsi üçün hər zaman dayaq və dəstək olduqlarını dedi. Rektor Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs hüququnu əldə etdiyini qeyd etdi. O, həmçinin, Azərbaycan qadınlarının cəmiyyətimizin tam hüquqlu üzvləri olması, ölkənin hər sahəsində fəal iştirak etmələri,  istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət həyatında rollarının artırılması, onlara düzgün dəyər verilməsi və hüquqlarının qorunması istiqamətində aparılan dövlət siyasətinin öz bəhrəsini verdiyini dedi. E.Qasımov BANM-in kollektivinin xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərək,  onlara dəyərli hədiyyələr təqdim etdi. Bununla yanaşı, SOCAR-ın Təlim, tədris və sertifikatlaşdırma  idarəsinin "Liderlik” maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirmiş  BANM-in qadın əməkdaşlarına sertifikatlar təqdim olundu. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  sədrinin müavini Aynur Sofiyeva öz çıxışında BANM-də olmağından məmnunluq ifadə etdi. A.Sofiyeva Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə yüksək mövqe tutduğunu, onlara kişilərlə bərabər hüquqlar və imkanlar verildiyini , eyni zamanda Azərbaycan qadınlarının mötəbər qurumlarda təmsil olunduğunu qeyd etdi. O, təmsil etdiyi qurumun fəaliyyətinin də məhz bu istiqamətdə qurulduğunu dedi.  A.Sofiyeva BANM-in xanım əməkdaşlarını və tələbə qızları təbrik edərək, hər birinə ailə səadəti, xoşbəxtlik, onlara  Ali Məktəbdəki fəaliyyətlərində uğurlar arzuladı. 
Sonda tələbələr xanımlara həsr olunmuş musiqili kompozisiyanı nümayış etdirdilər.  

ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM