Bakıda ayaqyolunda yaşayan ailə - FOTOLAR + VİDEO

16:39 | 14.09.2016
Bakıda ayaqyolunda yaşayan ailə - FOTOLAR + VİDEO

Bakıda ayaqyolunda yaşayan ailə - FOTOLAR + VİDEO

 

Həyat hər zaman insanı sınağa çəkir. Kimi ömrün gənc çağlarında, kimi isə qürub vaxtında. Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Qasımovlar ailəsi ömrün qürub çağlarında ağır sınaqla üzləşənlərdəndir. Ötən ayın əvvəllərində baş vermiş bədbəxt hadisə onların həyatını tamam dəyişdirib. Belə ki, ailə ikiotaqlı evdə baş vermiş yanğın zamanı isti ocağından məhrum olub.

ANN.Az publika.az-a istinadən xəbər verir ki, bir müddət qəsəbədəki parkda gecələyən ər-arvad hazırda qəsəbədə ayaqyolu kimi istifadə edilmiş konteynerə sığınıb. 
 


Ailə başçısı Qasım Qasımov deyir ki, qəsəbədə Böyük Vətən Müharibəsinin xatirəsinə ucaldılmış abidənin yaxınlığında iki otaqlı ev tikdirib. Ailənin maddi vəziyyəti o qədər də yaşı olmasa da, sakit, firavan həyat sürüblər: "Avqustun ayın əvvəllərində evdə gözlənilmədən güclü yanğın baş verdi. Həyat yoldaşımla birlikdə alovun qarşısını almağa çalışsaq da, yanğını söndürə bilmədik. Evin içində nə vardısa hamısı yandı. Hətta sənədlərimiz də. Mən və həyat yoldaşım yanıq xəsarətləri aldıq. Başım, qolum yandı. Təcili yardım məni 5 saylı Xəstəxananın yanıq şöbəsinə apardı”.
 


Bir neçə gün xəstəxanada qalan Qasım Qasımov müalicəsini başa vurandan sonra qəsəbəyə qayıdıb: "Ev tamam yanğından gecəlməyə yerimiz yox idi. Həyat yoldaşımla parkdakı, yaşayış binalarının həyətindəki skamyaların üstündə yatmalı olduq. Gecələr itlər üstümüzə cumurdu. Sakinlər də bizi qovurdular. Deyirdilər ki, buradan gedin. 

Bir gün ayaqyolu kimi istifadə edilən bu konteyneri gördüm. Qərara aldıq ki, burada qalaq. Konteynerin döşəməsinin üstünü örtdük, silib süpürdük, yerə taxtalar düzdük. Sonra qab-qacaq, şüşə qablar, vedrə gətirdik. Bura ayaqyoluna gələnlər də gördülər ki, artıq konteynerdə biz qalırıq. Bir neçə gündür burda gecələyir, burada yeyib içirik.
 
 

İşıq olmadığından hava qaralan kimi qapını bağlayıb, natəmiz döşəyin üstündə, zülmət qaranlıqda yatırıq. Yuyunmağa yerimiz yoxdur. Havalar soyuyanda necə olacaq bilmirəm”.

İçəri o qədər natəmizdir ki, milçəklərin əlindən tərpənmək mümkün deyil. Hələ ayaqyolu kimi istifadə edilmiş konteynerin içindəki üfunəti demirik. Təbii ki, ətrafdakı zibilliyin də iyi bir yandan.

Buna baxmayaraq, natəmiz, üfunətdən dayanmağın mümkün olmadığı, ayaqyolu kimi istifadə edilmiş bu darısqal konteyner ailənin son ümid yeridir:
 
"Suraxanı Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etmişəm. Tikinti materialları, maddi kömək üçün ərizə yazdım. İcra hakimiyyətinin  işçisi dedi, get, 10 gündən sonra, gəl. On gün sonra gedəndə dedi get, 20 gündən sonra gələrsən. Bir sözlə, 3 dəfə müraciət etmişəm, amma hələlik müsbət nəticə yoxdur. İstəyirəm bizə bir az taxta, sement və qum versinlər, əvvəlki evimin yerində kiçik daxma qaraldım”.  

 

 


Altmış bir yaşlı müsahibim deyir ki, əmək qabiliyyətini itirib: "Artıq işləməyə qüvvəm çatmır, xəstəyəm. Yoxsa gedib fəhləlik edib pul qazanar, özümə bir daxma tikərdim. Xəstəyəm. Həyat yoldaşım da işləmir. Skamyaların üstündə gecələyəndə təqaüd kartını və 25 manatını oğurladılar. Yaşayış binalarının blokunu süpürərək 2 manat pul qazanır.


Sağ olsun burada yaşayan sakinlər, kimin nəyə gücü çatırsa kömək edir. Yeməyimizi də burdakı sakinlər verirlər. Yaxşı insanlar pulla yardım edirlər. (Əli ilə göstərərək – A.T.) Günorta pul verdilər, yarım kilo pomidor və bir çörək aldım. Bacımın ailəsi də kömək edir”.

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM