Bakıya qaçan erməni: "Azərbaycan məni qonaqpərvərliklə qəbul etdi"

15:46 | 18.09.2015
Bakıya qaçan erməni:

Bakıya qaçan erməni: "Azərbaycan məni qonaqpərvərliklə qəbul etdi"

"Mənim məqsədim Azərbaycan mediasının gözü ilə dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkməkdir". Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycandan sığınacaq istəyən Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır: "Azərbaycandan sığınacaq istəməklə bağlı müraciətimdən sonra Azərbaycanda məni dostcasına, qonaqpərvərliklə qəbul etdi".

O, Ermənistanda təqiblərə və təzyiqlərə məruaz qalmasından da danışıb: "Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sarkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlələr başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı”.

Erməni hüquq müdafiəçisi qeyd edib ki, dəfələrlə Dağlıq Qarabağda olub.

"Həqiqətən də orada terrorizmlə məşğul olan, müxtəlif kriminal hadisələrdə iştirak etmiş qruplaşmalar fəaliyyət göstərir", - deyə o bildirib.

Vaan Martirosyan deyib ki, Ermənistanda heç kəs müharibənin təzədən başlanmasını istəmir.

O bildirib ki, yaşlı nəsil bunu heç istəmir: "Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.

Qeyd edək ki,  Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM