Biz nə üçün bədbəxtliyimizə gülürük? - KÖŞƏ

16:27 | 23.12.2015
Biz nə üçün bədbəxtliyimizə gülürük? - KÖŞƏ

Biz nə üçün bədbəxtliyimizə gülürük? - KÖŞƏ

Orxan Aslanlı

Bəlkə də dünyada yeganə "qara qızıl” ölkəsinin vətəndaşlarıyıq ki, neftin qiymətinin ucuzlaşmasına səbəbsiz yerə sevinir, sosial şəbəkələrdə şəbədə qoşub gülürük. Bu, əsassız sevincin səbəbini soruşanda isə heç bir cavabla əyləncəmizi əsaslandıra da bilmirik. Çünki yaxın və uzaq gələcəkdə baş verə biləcək bədbəxtçiliklərdən hələ də agah deyilik. Ancaq gülmək, mırt vurmaq mövzu olsun deyə, neftin ucuzlaşmasını lağ edib, bir-birimizi də "taq” edirik. Fikir vermişəm, bunu yazanların  90 faizi hər şeyə "əşşşi, boş ver, bu hadisələrin bizə heç bir təsiri olmayacaq” düşüncəsi ilə yaşayanlardır.

Ölkədə ikinci devalvasiya olanda, yəni dollar manata nisbətdə 50 faizə qədər bahalaşanda iki dostun bir-birilə söhbətinin şahidi oldum: "Ayə, xəbərin var, deyirlər dollar bahalaşıb ee” (əlini-əlinə vurub gülməkdən uğunur). Hələ üstəlik deyir ki, yetim, bilirsən, hər şey bahalaşır, dollar, qiymətlər, ən əsası siqaret. Əlavə edir: "Bir sözlə, hər şey bahalaşır, ancaq ucuzlaşan bizim kimi yetim qalan manatla, neftdi”.  Elə zənn eləməyin ki, bu sadəcə təsadüfən rastlaşdığım iki dostun söhbəti idi, sonra bu kimi dialoqlara dayanacaqda, avtobusda, iş yerində, şəhərdə, dükanda, bir sözlə, hər yerdə şahidi oldum. Sanki, cəmiyyət öz reaksiya vermə effektini itirib, kütlə düşüncəsi daha üstünlük təşkil edərək hadisələrin gülüş obyektinə çevrilməsi adi hal alıb. Bu kimi halları görüb adam dəhşətə gələ bilmir, üstəlik təəssüf yaranır ki, doğurdanmı, bizim cəmiyyətimiz bu qədər aşağı səviyyəyə düşüb? Hər şey onlar üçün bu qədərmi adiləşib? 

Bu kimi insanlara həmin an verdiyim tək sual bu oldu: Manat ucuzlaşır, neft ucuzlaşır, dollar bahalaşır, vəziyyət çətinləşir, bəs siz nəyə, hansı halınıza gülürsünüz? Bədbəxtlikdən, cavab əvəzinə donuq sifətlərin mənasız  təbəssümlərini aldım.

Həqiqətən,  cəmiyyətdə baş verən bu hadisələrə, xüsusilə yaşanacaq bədbəxtçiliyə niyə millətimizin gülüşlə qarşılıq verdiyini anlaya bilmirəm. Ola bilsin, qarşıda bizi gözləyən çətin günləri nəzərə alıb, indidən özlərini dözümə hazırlayıb hər şeyi gülüşlə qarşılayırlar?! Düzdür, bu hadisələrin heç birində gülüşlə qarşılanacaq, lağ- lağı mövzusuna çevriləcək heç nə yoxdur.

Bu gün cəmiyyətimizdə baş verənləri müşahidə etdikcə dahi dramaturqumuz Cəlil Məmmədquluzadənin "Ölülər” əsərindəki kefli İskəndər və onun monoloqlarından birində dediyi sözlər yadıma düşür: "Ölülәr!. Gәlin bu kefli İskәndәrin sözünü eşidin vә necә ki, yatıbsınız, yatın! Allah sizә rәhmәt elәsin…” 

Nə qədər ki, bu düşüncədə, bu təfəkkürdə olan cəmiyyət üzvlərimiz var, o qədər də ayaqüstə olan canlı ölülərimizin sayı çox olacaq. Kefli İskəndər demişkən...


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür