BÖYÜK KÖÇ başlayır

11:28 | 04.07.2017
BÖYÜK KÖÇ başlayır

BÖYÜK KÖÇ başlayır

Bu günlərdə Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsinə başlanılacaq.

Cəbrayıl rayon Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov Publika.az-a açıqlamasında bildirib ki, sakinlərin yaxın günlərdə köçürülməsi barədə qərar ötən gün onlarla keçirilən görüşdə səsləndirilib.

"Dünən Cocuq Mərcanlıdan olan məcburi köçkünlərlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirildi.

Həmin görüşdə ilk mərhələdə köçürüləcək 50 ailənin mənzillə təminatı üçün püşkatma baş tutdu. Artıq hər bir ailə hansı mənzildə yaşayacağını bilir. Görüşün sonunda ailələrə bildirildi ki, bu günlərdə onlara köçürülmələri barədə zəng ediləcək. Bu gün və ya sabahdan proses başlanılacaq. Proses mərhələli şəkildə həyata keçiriləcək. Sakinlərin əşyalarının daşınması üçün Qaçqınkom köməklik edəcək”.

X.Zeynalov bildirib ki, Cocuq Mərcanlıya köçürüləcək 50 ailə seçilərkən daha çox qəzalı vəziyyətdə olan mənzillərdə yaşayan ailələrə üstünlük verilib:

"Köçürüləcək 11 ailə Biləsuvardakı qəsəbədən, 4 ailə Bakıdan, 2 ailə Füzuli rayonu Qazaxlı kəndindən, 1 ailə Oğuzdan, qalanları Abşeron və Binəqədi
rayonlarındandır. Onların əksəriyyəti hazırda qəzalı mənzillərdə yaşayır. Həmçinin seçimdə ailədə məktəb yaşlı uşaqlar, həkim və müəllimlərin olmasına diqqət edilib. 96 yerlik məktəbdə növbəti ildə Cocuq Mərcanlı uşaqları təhsil ala biləcək. Hər bir fənn müəllimi də müəyyən edilib”.
X.Zeynalov yaxın zamanlarda daha 100 ailənin mənzillə təmin edilməsi üçün tikinti işlərinə başlanılacağını deyib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM