Cəbhədə vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var - Politoloq

16:05 | 27.04.2016
Cəbhədə vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var - Politoloq

Cəbhədə vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var - Politoloq

"Cəbhə bölgəsində atəşkəsə riayət olunmur. Hər iki tərəf ağır texnikadan istifadə edir, itkilərin sayı azalmır. Azərbaycan tərəfdən əsasən Tərtər rayonu atəş altındadır, buna cavab olaraq da Azərbaycan ordusu Ermənistan ordusunun Ağdərədəki postlarına zərbələr endirir. Tərtərin daima atəş altında olması Azərbaycan ordusunun Ağdərə istiqamətində irəriləməsi məsələsini aktuallaşdırır".

ANN.Az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbinin olduğunu vurğulayıb: 

"Birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə həmişəki kimi şablon ifadələr veriblər və bölgəyə səfərləri də real nəticə verməyib. Belə olan halda cəbhə bölgəsində sakitlik və tərəflərin atəşkəsə riayət edəcəyini gözləmək çətindir.

İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sərkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış cəbhədə əks-hücumla uğur qazanmaq istəyir. Ancaq nəticədə Ermənistanın itkiləri artır".

Politoloq sadalan hər iki səbəbin Azərbaycanın maraqlarına cavab verdiyini deyir: "Çünki həm beynəlxalq aləmin passivliyi, həm də Ermənistan prezidentinin əks-hücuma keçmək istəyi Azərbaycan ordusuna növbəti mərhələdə işğal altındakı yeni ərazilərin azad olunması imkanı qazandırır. Azərbaycan ordusunun hərbi heyəti komandanlıqdan hücum əmri gözləyir. Orduda bu əhval-ruhiyyə komandanlığın gələcək qərarlarına da təsir edəcək. 2-6 aprel tarixlərindəki döyüşlər və əldə olunan nəticələr Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin həll formulunu aydınlaşdırdı: İşğal altındakı Ermənistan ordusuna zərbələr endirməklə qarşı tərəfin itkilərini artırmaq və bu yolla İrəvana təzyiqi gücləndirmək, Moskva ilə isə tərəfdaşlıq oyununu davam etdirmək lazımdır. İkinci amil ona görə vacibdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə birbaşa qarışmayana qədər rəsmi Bakı Kremllə münasibətləri tərəfdaş səviyyəsində saxlayacaq. Dağlıq Qarabağ Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa bənzəmir. Rusiyanın bu separatçı bölgələrdən fərqli olaraq, Dağlıq Qarabağla sərhədi yoxdur ki, birbaşa bölgəyə qoşun və ya desant qüvvələrini yeritsin. İkinci tərəfdən Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlığından imtina etmir. Ancaq Rusiya hakimiyyəti və hərbi komandanlığı Dağlıq Qarabağdakı döyüşlərə birbaşa müdaxilə edərlərsə, həm Azərbaycanla münasibətləri gərginləşdirəcəklər, həm də müharibənin miqyasının genişlənməsinə şərait yaradacaqlar".

"Bu arada, Vaşinqton da fəallaşmağa qərar verdi. ABŞ dövlət katibi Con Kerri aprelin 25-də Azərbaycan və Ermənistan prezidentlərinə zəng edərək, İlham Əliyev və Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışdı. Əslində Kerrinin telefon zəngi gecikib, 6 aprel tarixindən sonra rusiyalı rəsmilər Bakı və İrəvanda səfərlər etdilər, tərəflərlə intensiv danışıqlar apardılar, münaqişənin həlliylə bağlı 5 il öncəki Kazan planını xatırlatdılar. Bu müddətdə Vaşinqton Moskvanın təkbaşına fəallığına seyrçi qaldı. Ümumiyyətlə, ABŞ prezidenti Barak Obama üçün Cənubi Qafqaz aktual deyil. Obamanın bu siyasəti Rusiyaya Cənubi Qafqazda geniş manevr imkanı qazandırır. Vaşinqton Azərbaycanla təmaslarını yalnız enerji reruslarının dünya bazarlarına daşınması və Əfqanıstana yardım üzərində qurub, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir. Hətta Fransa münaqişənin həlli məsələsində Vaşinqtondan ön plandadır. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə çalışdıqları fikrini də aprelin 26-da ATƏT-in Minsk qrupunun məhz Fransadan olan həmsədri Pyer Andrie bildirdi. Bundan başqa prezident İlham Əliyev aprelin 26-da Bakıda Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşdü. Bu görüşdə Fransa ilə Azərbaycan arasında ikitərəfli və regional məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı. Con Kerrinin Bakı və İrəvana telefon zəngləri Rusiyaya mesaj idi. Vaşinqton telefon zəngi ilə Moskvaya mesaj göndərdi ki, "Cənubi Qafqazda bizdə varıq”. Əlbəttə, Fransa və ABŞ-ın fəallaşmasının sülhün əldə olunması prosesini sürətləndirəcəyini söyləmək çətindir. Ancaq rəsmi Bakı bütün hallarda Paris və Vaşinqtonun fəallaşmasından istifadə etməlidir, əsas odur ki, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllindəki təkbaşına vasitəçilik təşəbbüslarinin qarşısı mümkün qədər əngəllənsin. Çünki, bu təşəbbüslər Azərbaycanın xeyrinə deyil. Azərbaycan 1990-cı illərin əvvəllərində də Rusiyanın Dağlıq Qarabağla bağlı planlarını məhz Qərb dövlətlərinin dəstəyi ilə pozmuşdu. Rusiya Dağlıq Qarabağa öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyirdi, bu məqsədlə Azərbaycan hakimiyyətinə təzyiq edirdi. Rəsmi Bakı Rusiyanın təzyiqlərindən 1994-cü ildə Budapeştdə keçirilən ATƏT sammiti vasitəsilə qurtuldu. Qərb dövlətləri həmin sammitdə belə qərar qəbul etdilər ki, Dağlıq Qarabağla yalnız bir ölkənin sülhməramlıları yerləşdirilə bilməz, bölgədə sülhməramlıların tərkibi proporsional şəkildə müəyyənləşməlidir. Rusiya bu qərarın əleyhinə çıxa bilmədi. İndi də oxşar vəziyyət yaranıb. Rusiya Dağlıq Qarabağ münaqişəsini və həll prosesini öz nəzarətinə keçirmək istəyir. Ona görə də elə etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri – Fransa və ABŞ, o cümlədən ATƏT-in hazırki sədri Almaniya prosesdə fəal iştirak etsinlər, Rusiyanın təkbaşına vasitəçilik missiyasına imkan verməsinlər" - deyə E.Şahinoğlu bildirib.
 
Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM