Yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeronda gecə 1-6 şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında gecə və səhər yollar buz bağlayacaq.
Yanvarın 27-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
www.ann.az
























