Bakıda “Milli-mənəvi dəyərlərimiz” incəsənət sərgisi keçirilib
Bakıdakı Xətai Sənət Mərkəzində rəssam və modelyer-dizayner Lalə Cəbrayılovanın təşəbbüsü və təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz” adlı incəsənət sərgisi və moda nümayişi keçirilib.
Martın 7-də təşkil olunan tədbirin məqsədi Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini incəsənət vasitəsilə təqdim etmək, yaradıcı insanlara dəstək olmaq və milli irsin təbliğinə töhfə vermək olub.
Sərgidə tanınmış və gənc rəssamların milli mövzuda hazırladıqları rəsm əsərləri nümayiş etdirilib, eyni zamanda modelyerlərin milli motivlər əsasında hazırladıqları geyim kolleksiyaları təqdim olunub.
Tədbir çərçivəsində keçirilən müsabiqədə rəssamlar iki yaş kateqoriyası üzrə qiymətləndirilib. Böyük yaş kateqoriyasında I yerə Leyla Vahidova, II yerə Ayşən Qasımova, III yerə Rəmziyyə Babayeva layiq görülüb. Kiçik yaş kateqoriyasında isə I yer Mehrin Orucova, II yer Yeganə Bayramlı, III yer Əsnad Həşimova olub.
Modelyerlər arasında keçirilən müsabiqənin nəticələrinə görə isə I yer Xəyalə Məsimova, II yer Nuranə Həsənova, III yer Naibə Mirzəliyevaya verilib.
Sonda qaliblərə və iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirin təşkilatçıları bildiriblər ki, layihə milli-mənəvi dəyərlərin incəsənət vasitəsilə təbliği və yaradıcı insanların dəstəklənməsi məqsədi daşıyır.



