10 dəqiqəyə 3 min müraciət: Şagird yerdəyişməsi sistemi niyə yüklənir?
Azərbaycanda şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi üçün istifadə olunan sy.edu.az elektron sistemdə yenidən texniki problem yaranıb. Sistem açıldıqdan sonra çoxsaylı valideynin eyni vaxtda müraciət etməsi səbəbindən portala girişdə çətinliklər müşahidə olunub.
Vətəndaşların sözlərinə görə, sistemə giriş problemi müxtəlif müddətlərdə davam edib. Bəzi istifadəçilər təxminən 30 dəqiqə, bəziləri isə 40 dəqiqəyə yaxın portala daxil ola bilmədiklərini bildiriblər.
Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin sözçüsü Zemfira Sevdimalı məsələ ilə bağlı bildirib ki, problem eyni vaxtda çoxsaylı müraciətlərin daxil olması ilə əlaqədar yaranıb.
“Eyni anda çoxsaylı müraciətlərin daxil olması səbəbilə portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub. Texniki heyət tərəfindən müdaxilə edilib və sistemin sabit, fasiləsiz fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görülüb. Hazırda sistem aktivdir", - o bildirib.
Agentliyin sözçüsünün sözlərinə görə, sistemin açıldığı ilk 10 dəqiqə ərzində təxminən 3 min müraciət qeydə alınıb.
Lakin İKT mütəxəssisi, Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov hesab edir ki, bu həcmdə müraciətin sistemdə ciddi problem yaratması normal hesab edilməməlidir.
“10 dəqiqədə 3 min müraciət ciddi problem olmamalıdır. 10 dəqiqədə 3 min müraciət saniyədə təxminən 5 müraciət deməkdir. Əgər bu, düzgün bölgü qaydasında aparılırsa, burada heç bir trafik yüklənməsi olmamalıdır”, - Xəlilov bildirib.
Onun sözlərinə görə, dövlət qurumlarının elektron xidmətləri üçün əvvəlcədən tutum planlaması aparılmalıdır.
"Sistemdə elə bir bölgü aparıla bilər ki, siniflər üzrə yerdəyişmə fərqli günlərdə icra olunsun"- o əlavə edib.
Xəlilov xüsusilə Auto Scaling və Load Balancer kimi texnologiyaların pik saatlarda yaranan yükün idarə olunmasına imkan verdiyini vurğulayıb.
"Auto Scaling pik yüklənmə zamanı CPU, RAM və ya sorğu sayına əsasən tətbiq serverlərinin sayını avtomatik artırır, yük azaldıqda isə resursları yenidən azaldır. Load Balancer isə daxil olan sorğuları aktiv serverlər arasında balanslı şəkildə paylayaraq hər hansı bir serverin həddindən artıq yüklənməsinin qarşısını alır. Verilənlər bazasına eyni anda çoxlu sorğu (query) göndərildikdə əlaqə vasitəsi (connection pool), disk I/O və ya kilidlənmə səbəbindən dar boğaz yarana bilər Yəni əsas problem istifadəçi sayı deyil, eyni anda icra olunan sorğuların intensivliyidir", - ekspert qeyd edib.
Ekspert problemin verilənlər bazası ilə də əlaqəli ola biləcəyini bildirib.
“Verilənlər bazası mexanizminə eyni anda çoxsaylı istifadəçi daxil olduqda burada sıxılma, daralma yarana bilər. Həmin anda bölünmələr və yükün paylanması olmalıdır. Bunun üçün ehtiyat serverlər də olmalıdır”, - Xəlilov deyib.
Onun sözlərinə görə, eyni problemin hər il təkrarlanması halında sistemin texniki imkanları yenidən qiymətləndirilməlidir.
“Əgər hər il belə olduğu halda bu problem yaranırsa, il sonunda texniki tapşırıqların nəticəsi yoxlanılmalı, yaranan texniki borclar müəyyən edilməlidir. Sonra tutum yenidən qiymətləndirilməli və əlavə resurslar planlaşdırılmalıdır”, - ekspert bildirib.
Xəlilov bununla bağlı daha əvvəl TEKNOFEST platformalarında tətbiq olunan həllərdən də danışıb.
“Biz 2023-cü ilə qədər TEKNOFEST-də hesabatları yerləşdirəndə problemlərlə qarşılaşırdıq. Sonra soruşduq ki, bu problemləri necə aradan qaldırdınız. Bizə verilənlər bazası ilə bağlı səbəbi əsaslandırılmış şəkildə izah etdilər və dedilər ki, virtual növbəlilik bölgüsü ilə bu problemi xüsusi idarəetmə qaydasında həll edirik. Bunun üçün peşəkar İT mütəxəssisləri və proqram təminatı var”, - Xəlilov bildirib.
Onun sözlərinə görə, sonradan Load Balancer və Auto Scaling kimi həllərin tətbiqi barədə aidiyyəti qurumlara da məlumat verilib.
“Biz 2023-cü ildən sonra dəfələrlə Rəqəmsal İnkişaf Agentliyinə bildirmişik ki, bəzən TQDK-da və digər sistemlərdə yaranan problemləri bu üsulla aradan qaldırmaq olar. Hələ Təhsil Nazirliyini demirəm. Biz bunu aradan qaldıra bilərik və bunun artıq uğurlu modeli var. O vaxt da bizə onu qəbul etmədilər”, - Xəlilov qeyd edib.
Problem yalnız server məsələsidirmi?
Texnologiya, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahəsində çalışan strateji texnologiya lideri Cengiz Çalıkoğlu isə hesab edir ki, belə hallara yalnız bir portalın və ya serverin problemi kimi yanaşmaq düzgün deyil.
“Mən bu cür problemlərə yalnız bir portalın və ya bir serverin problemi kimi baxmıram. Çünki rəqəmsal dövlət bir web səhifəsindən ibarət deyil. Vətəndaşın qarşısındakı ekranın arxasında şəbəkə, bulud infrastrukturu, tətbiq serverləri, məlumat bazaları, API-lər, autentifikasiya sistemləri, kibertəhlükəsizlik qatları, digər dövlət informasiya sistemləri və onların hamısını birləşdirən inteqrasiya arxitekturası dayanır”, - Çalıkoğlu bildirib.
Onun fikrincə, problemin yalnız hadisədən sonra server gücünün artırılması ilə həll edilməsi uzunmüddətli nəticə verməyə bilər.
“Əsas məsələ problemi parçalı şəkildə həll etmək deyil. Dövlətin rəqəmsal xidmətlərini başdan-sona layihələndirmək, fazalara bölmək, ölçülə bilən texniki göstəricilər müəyyənləşdirmək və bütün ekosistemi vahid arxitektura daxilində idarə etmək lazımdır”, - ekspert deyib.
Çalıkoğlu Milli Bulud, Süni İntellekt və Kibertəhlükəsizlik strategiyalarının da ayrı-ayrı layihələr kimi deyil, vahid rəqəmsal dövlət modelinin komponentləri kimi nəzərdən keçirilməli olduğunu bildirib.
“Rəqəmsal hədəfə çatmaq üçün yalnız dövlət xidmətlərini elektronlaşdırmaq kifayət deyil. Bu xidmətlərin hansı yükə qədər işləyəcəyi, yük artdıqda necə miqyaslanacağı, kiberhücum və texniki qəza zamanı necə davam edəcəyi, məlumatların harada və hansı arxitekturada saxlanacağı, alternativ infrastrukturun necə işləyəcəyi əvvəlcədən layihələndirilməlidir”, - Çalıkoğlu vurğulayıb.
Onun sözlərinə görə, elektron xidmətlər üçün əsas məqsəd yalnız sistemin işləməsi deyil, pik yüklənmə zamanı da fasiləsiz fəaliyyətin təmin olunmasıdır.
“Azərbaycan artıq ayrı-ayrı rəqəmsal xidmətlərin yaradılması mərhələsindən çıxaraq milli miqyasda dayanıqlı rəqəmsal infrastrukturun qurulması mərhələsinə keçməlidir. Bunun üçün layihələr ayrı-ayrı komponentlər üzrə deyil, başdan-uca - strategiyadan arxitekturaya, arxitekturadan infrastruktura, infrastrukturdan kibertəhlükəsizliyə və xidmət səviyyəsinə qədər - vahid yol xəritəsi ilə həyata keçirilməlidir”, - Çalıkoğlu bildirib.
Qonşu ölkələrin təcrübəsində də təhsil üzrə elektron xidmətlərdə istifadəçi sıxlığı ilə bağlı problemlərə rast gəlinir. Türkiyədə 2026-cı ilin avqustunda LGS üzrə köçürmə nəticələrinin açıqlanmasından sonra e-Okul sistemində ani istifadəçi sıxlığı yaranıb və istifadəçilər səhifələrin gec yüklənməsi və bağlantı xətaları ilə üzləşiblər. Eyni ölkədə iyulda şagird köçürmə ekranının texniki işlər və məlumat uyğunsuzluqlarının qarşısının alınması məqsədilə müvəqqəti bağlandığı bildirilib.
Gürcüstanda isə 2026-2027-ci tədris ili üçün dövlət məktəblərinə qeydiyyat prosesinə əlavə onlayn mərhələ daxil edilib. Ermənistan da məktəb qeydiyyatı prosesini mərhələlərə bölərək elektron sistemi tətbiq edir.
Bu nümunələr göstərir ki, yüksək müraciət gözlənilən elektron təhsil xidmətlərində yalnız server tutumunun artırılması deyil, müraciətlərin mərhələləndirilməsi və pik yüklərin əvvəlcədən nəzərə alınması da tətbiq olunan yanaşmalardandır.
Gülnar Nazimqızı