BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri son iki ildə 60% artaraq 1,6 milyard manata yüksəlib. Bunu Mərkəzi Bankın Qeyri-bank kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib.
Hazırda ölkədə 51 BOKT fəaliyyət göstərir, onlardan 13-də xarici investisiyalar iştirak edir.
İsmayılov bunu xarici investorların sektora marağının göstəricisi kimi qiymətləndirib. Onun sözlərinə görə, BOKT-lərin xidmət nöqtələrinin 83%-dən çoxu Bakıdan kənardadır və təşkilatlar regionlarda əhalinin maliyyə ehtiyaclarının ödənilməsində fəal rol oynayırlar.
Sektorun işçi sayı son iki ildə 30% artaraq 4 500 nəfəri ötüb. Eyni dövrdə BOKT-lərin kredit portfeli 85% artaraq 1,4 milyard manata çatıb. Son bir ildə portfelin artım tempi 60% olub.
İsmayılovun sözlərinə görə, maliyyə sektorunda BOKT-lərin aktivlər üzrə bazar payı 0,8 faiz bəndi artaraq 2,4%-ə yüksəlib. Son iki ildə təşkilatların nizamnamə kapitalı 52% artaraq 350 milyon manata, balans kapitalı isə eyni templə artaraq 706 milyon manata çatıb.
BOKT-lərin öhdəlikləri də son iki ildə 65% artıb. İsmayılov bunu sektorun reputasiyasının yaxşılaşmasının göstəricilərindən biri kimi qeyd edib. Onun sözlərinə görə, BOKT-lərin buraxdığı istiqrazların həcmi də təxminən iki dəfə artaraq 1 milyon manata yaxınlaşıb.
Gülnar Nazimqızı