Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib

Deputat Zahid Oruc xarici mütəxəssislərin təcrübəsinin yerli aqronom, bağçılıq mütəxəssisi və baytarların hazırlanmasına yönəldilməsini təklif edib. Deputat bu təkliflərlə Milli Məclisdə çıxış edib.
O, aqroparkların güzəştlərdən yararlandıqları müddətdə yerli mütəxəssislər üçün ödənişli təcrübə və mentorluq proqramları təşkil etməli olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara ehtiyac olsa da, yerli mütəxəssislərin hazırlanması və onların aqrar sektorda məşğulluğu ilə bağlı problemlər qalır.
Zahid Oruc xatırladıb ki, 1970–1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu hər il orta hesabla mindən çox ali təhsilli mütəxəssis yetişdirirdi.
Onun təqdim etdiyi məlumatlara əsasən, 2024–2025-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetini 84 aqronomluq, 76 isə baytarlıq ixtisası üzrə tələbə bitirib.
Deputat bildirib ki, aqrar ixtisaslar üzrə məzunların öz sahələrində məşğulluq göstəricisi üç il ərzində 32 faizdən 65 faizə yüksəlib. Buna baxmayaraq, kəndlərdə və aqroparklarda mütəxəssis ehtiyacının niyə tam ödənilmədiyi araşdırılmalıdır.
O, istixanaların və pomidor istehsalının azalmasına da diqqət çəkib. Deputatın sözlərinə görə, ölkədə istixanaların sayı 2023-cü ildəki 3 228-dən 2025-ci ildə 2 995-ə, istixana pomidorunun istehsalı isə 268,9 min tondan 156,8 min tona düşüb. O vurğulayıb ki, bu azalmanı yalnız aqronom çatışmazlığı ilə izah etmək olmaz: təbii qazın qiyməti, istehsal xərcləri və xarici bazarlardakı satış qiymətləri də yerli istehsalçılara təsir göstərir.
Zahid Oruc baytarlıq sahəsində vəziyyəti daha həssas qiymətləndirib. O bildirib ki, bir çox təsərrüfat Türkiyə və İrandan mütəxəssislər cəlb edir. Bununla yanaşı, yerli məzunların nə qədərinin aqrar sektorda işlədiyini göstərən dəqiq statistika açıq mənbələrdə yoxdur.
Deputat xaricdən cəlb edilən mütəxəssislərin peşə təcrübəsinin yoxlanılması üçün şəffaf meyarların qanunvericilikdə müəyyənləşdirilməsini, baytarların təhsil və peşə səriştəsinin qiymətləndirilməsini təklif edib. O, həmçinin ali məktəblərlə istehsalat müəssisələri arasında birgə tədris təsərrüfatlarının yaradılmasını, bölgələrdə çalışan gənc aqronom və baytarlara maaş əlavələri verilməsini vacib sayıb.
Zahid Oruc hesab edir ki, 2027–2032-ci illəri əhatə edən güzəştlərin nəticəsi ölkəyə cəlb olunan əcnəbi mütəxəssislərin sayı ilə deyil, yetişdirilən və ixtisası üzrə işlə təmin olunan yerli kadrların göstəriciləri ilə ölçülməlidir.
“Xarici biliyi ölkəyə gətirməyə etiraz etmirik, lakin əcnəbi aqronomun və baytarın təcrübəsini yerli mütəxəssisin bacarığına çevirmək əsas hədəfimiz olmalıdır”, - deputat bildirib.

























