Çipsin qiyməti arta bilər: məhsula yeni vergi tətbiq olunacaq

2027-ci ilin dövlət büdcəsi layihəsində çipslərin aksizli mallar siyahısına daxil edilməsi və yerli istehsal olunan məhsulların hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur.
Layihədə bu addımın yüksək duz, şəkər və yağ tərkibli qidaların istehlakının azaldılması, ictimai sağlamlığın qorunması və istehlak davranışlarının tənzimlənməsi məqsədi daşıdığı bildirilir.
Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yüksək duz, şəkər və yağ tərkibli məhsulların həddindən artıq istehlakının piylənmə, ürək-damar xəstəlikləri və digər qeyri-infeksion xəstəliklərin artmasına səbəb olduğunu vurğulayır və bu məhsulların vergiyə cəlb edilməsini tövsiyə edir.
Layihədə çips və oxşar qəlyanaltı məhsullarına vergi tətbiq edən ölkələrin təcrübəsinə də istinad edilir.
Bildirilib ki, Özbəkistanda 2026-cı ildən çipslər aksizli mallar siyahısına daxil edilib və hər kiloqram üçün 15 min som (təxminən 2,07 manat) aksiz vergisi tətbiq olunur.
Keniyada kartof çipsləri və oxşar məhsullar gömrük dəyərinin 25 faizi həcmində aksiz vergisinə cəlb edilir. Bu dərəcələr hər il inflyasiyaya uyğun indeksləşdirilir.
Macarıstanda isə tərkibində 100 qrama 1 qramdan çox duz və ya 2 qramdan çox doymuş yağ turşusu olan qəlyanaltı məhsullarına, o cümlədən çipslərə kiloqramına 390 forint (təxminən 1,22 manat) ictimai sağlamlıq vergisi tətbiq edilir.
Meksikada yüksək kalorili qəlyanaltı məhsullarına idxal və satış zamanı 8 faiz, Kolumbiyada isə müəyyən edilmiş duz, şəkər və doymuş yağ hədlərini aşan ultra-emal olunmuş qidalara 10-20 faiz vergi tətbiq olunur.
Layihədə bu təcrübələrin qiymət mexanizmi vasitəsilə zərərli qidaların istehlakını azaltmağa və daha sağlam qida seçimlərini təşviq etməyə xidmət etdiyi vurğulanır.

























