Fərdi kuryerlər ayda 15 manat vergi ödəyə bilər

2027-ci ilin dövlət büdcəsi layihəsində muzdlu işçi cəlb etmədən fərdi qaydada kuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün aylıq 15 manat sabit məbləğdə sadələşdirilmiş verginin tətbiqi təklif olunur.
Layihəyə əsasən, kuryerlərin vergi öhdəliklərini sabit qəbz vasitəsilə yerinə yetirməsi nəzərdə tutulur. Təklifin məqsədi vergi hesabatlılığını və gəlir-xərc uçotunu sadələşdirmək, kuryerlərin inzibati yükünü və mühasibatlıq xərclərini azaltmaqdır.
Sənəddə qeyd olunur ki, sifarişlərin çatdırılması avtomobil, motosiklet, velosiped və skuter kimi müxtəlif nəqliyyat vasitələri ilə həyata keçirilir. Bu sahədə fərdi qaydada çalışan şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq vərdişlərinin olmadığı, mövcud inzibati yükün isə bir çox hallarda onları qeyri-rəsmi fəaliyyətə sövq etdiyi bildirilir.
Əsaslandırmada vurğulanır ki, elektron ticarətin genişlənməsi ilə kuryer fəaliyyəti son illərdə sürətlə artıb və əsasən muzdlu işçi cəlb etmədən fərdi qaydada göstərilən xidmət sahəsinə çevrilib.
Təklif olunan modelin vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdıracağı, əməliyyatların rəsmiləşdirilməsini təşviq edəcəyi və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan verəcəyi gözlənilir.
Sənəddə bildirilir ki, sabit vergi mexanizmi qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidini təşviq etməklə yanaşı, sahibkarların əməliyyat xərclərini də azalda bilər.

























