2027-ci ildə 173 min şəxsin işlə təmin olunması proqnozlaşdırılır

2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, o cümlədən 173 min nəfərin işlə təmin olunması nəzərdə tutulur. Gələn il 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 319,2 milyon manat təşkil edəcək. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8% çoxdur.
Fondun gəlirlərinin isə 268,9 milyon manat olacağı proqnozlaşdırılır. Bu, cari ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 30,6 milyon manat və ya 12,8% artım deməkdir.
Gəlirlərin işsizlikdən sığorta haqları hesabına formalaşacağı, həmin haqlar üzrə daxilolmaların 77,7%-nin qeyri-büdcə sektorunun payına düşəcəyi gözlənilir. Bundan əlavə, fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 50,3 milyon manatın 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur.
Anar Əliyev qeyd edib ki, gələn il 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb edilməsi, 230 min nəfərə isə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi planlaşdırılır.
Məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə fondun xərclərinin 61%-nin və ya 194,2 milyon manatının ayrılması proqnozlaşdırılır. İşsizlikdən sığorta ödənişləri üçün isə 36 milyon manat nəzərdə tutulur.

























