Azərbaycanda 5 hektardan çox taxıl əkən fermerlərə sertifikatlı toxum tələbi qoyulub

Azərbaycanda bu ilin payız əkinlərindən etibarən 5 hektardan çox sahədə buğda və arpa əkən fermerlərdən sertifikatlı toxumdan istifadə tələb olunacaq. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, bu il Toxumçuluq haqqında yeni qanun qəbul edilib və Prezident tərəfindən təsdiqlənib. Son illərdə toxumçuluq sahəsində nəzarət mexanizmləri gücləndirilib. Standartlara cavab verməyən məhsullar toxum kimi tanınmır və Aqrar Xidmətlər Agentliyinin toxum nəzarəti qurumu tərəfindən çıxdaş edilir.
Onun sözlərinə görə, tətbiq edilən ciddi nəzarət nəticəsində statistik göstəricilərdə toxum istehsalının azalması müşahidə olunsa da, bu, istehsalın real azalması deyil, keyfiyyətli toxumun faktiki həcminin göstəricisidir.
Məcnun Məmmədov qeyd edib ki, ötən ildən etibarən iri sahələrdə taxıl əkən fermerlər üçün sertifikatlı toxum tələbi tətbiq edilir. Bu ilin payız əkinlərindən başlayaraq isə tələb 5 hektardan çox sahədə buğda və arpa əkən fermerlərə şamil olunacaq.
Nazir vurğulayıb ki, bu tələbin əsas məqsədi ölkə üzrə məhsuldarlığı artırmaqdır. Onun sözlərinə görə, Azərbaycanda hər il 800 min – 1 milyon hektar arasında taxıl əkilir və bu proses təxminən 250-350 min fermeri əhatə edir.
Məcnun Məmmədov əlavə edib ki, son illərdə toxumçuluq sahəsində nəzarət mexanizmlərinin gücləndirilməsi ilə yanaşı, toxum istehsalçıları üçün bazar imkanlarının yaradılması da diqqət mərkəzində saxlanılır.

























