Azad olunmuş ərazilərdə torpaqların 50 faizi investisiya məqsədilə icarəyə veriləcək

Azad olunmuş ərazilərdə torpaq sahələrinin 50 faizinin investisiya məqsədilə, digər 50 faizinin isə kənd sakinlərinə icarəyə verilməsi hədəflənir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, əsas məqsəd kənd təsərrüfatı ilə məşğul olan fermerlərin gəlirlərinin artırılması və onların dayanıqlı fəaliyyətinin təmin edilməsidir.
Onun sözlərinə görə, hazırda ölkə üzrə bir təsərrüfata düşən orta torpaq sahəsi 1,7 hektardır. Bu isə fermerlərin yetərli gəlir əldə etməsinə imkan vermir. Bir çox hallarda onların gəlirləri yaşayış minimumundan da aşağı olur.
Məcnun Məmmədov qeyd edib ki, məhz bu səbəbdən azad olunmuş ərazilərdə minimum torpaq sahəsi 5 hektar müəyyən edilib.
Nazir əlavə edib ki, bəzi kəndlərdə relyef, yaşayış evlərinin sayı və mövcud torpaq sahələrinin həcmi hər ailəyə 5 hektar torpaq ayrılmasına imkan vermir. Belə hallarda sakinlərə birləşərək ailə kəndli təsərrüfatları və ya kooperativlər yaratmaq təklif olunur.

























