Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin

Azərbaycanda işləməyən şəxslər vəfat etdikdə onların ailələrinə dəfn müavinətinin ödənilməsi təklif olunur. Bu təklifi Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Vüqar Bayramov deyib.
Deputat hesab edir ki, hazırda qüvvədə olan qaydalara bu kateqoriyadan olan şəxslərin də daxil edilməsi məqsədəuyğun olardı.
O bildirib ki, mövcud qaydalara əsasən, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş şəxslər, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alanlar, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə dəfn pulu ödənilir.
“Amma işləməyən şəxs dünyasını dəyişən zaman onun ailəsinin bu dəstəyə ehtiyacı daha çox olur. Ona görə də, həmin ailələrə bu hallarda müavinətin ödənilməsi arzuolunandır”, - Vüqar Bayramov qeyd edib.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanda 33 806 nəfər vəfat edib. Onların 62,6%-i 65 və yuxarı yaşda olub. Bayramov hesab edir ki, təklifin tətbiqi ciddi əlavə xərc yaratmayacaq.
2027-ci il dəfn müavinətlərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitin 37,6 milyon manatdan 50,5 milyon manata çatdırılması planlaşdırılır.

Son xəbərlər 
Daha çox 























