Sertifikasiyadan keçməyən müəllimlərə dəstək verilməlidir - deputat

Milli Məclisin deputatı Ceyhun Məmmədov sertifikasiyadan keçməyən müəllimlərin əməkhaqlarının da müəyyən qədər artırılmasını təklif edib. O bildirib ki, bu addım həmin müəllimlərə dəstək olardı.
Deputat Milli Məclisin iclasında çıxışı zamanı sertifikasiyadan keçən müəllimlərin maaşlarının artırılmasını dövlətin təhsil işçilərinə diqqət və qayğısının göstəricisi kimi qiymətləndirib.
“Sertifikasiyadan keçən müəllimlərin maaşı artır, ancaq burada bir məqam da var ki, sertifikasiya ümumilikdə uzun bir prosesdir və sertifikasiyadan keçməyən hələ bizim xeyli müəllimlərimiz var. Onların maaşının az da olsa artırılması bu insanlara böyük dəstək olardı”, – Ceyhun Məmmədov bildirib.
Deputat, həmçinin sertifikasiyadan keçən müəllimlərin əməkhaqlarına tətbiq olunan 10 və 35 faiz nisbətinə yenidən baxılmasını təklif edib. Onun fikrincə, artım göstəriciləri ən azı 10, 25 və 35 faiz səviyyəsində müəyyənləşdirilməlidir.

























