Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub

2026-cı ilin yanvar-oktyabrda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb. Bu artım qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, iqtisadiyyatın şəffaflaşması istiqamətində mühüm struktur dəyişiklikləri baş verib. Belə ki, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb.
“Əmək bazarının şəffaflaşması şəraitində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 10 ayında 20 faizə enib. Səkkiz il öncə biz vergi islahatı paketini təqdim edərkən məhz bu nəticələri proqnozlaşdırırdıq”, – Cabbarov qeyd edib.
























