Özəl xəstəxanalarda müalicə xərclərinin bir hissəsini dövlət ödəyə bilər - deputat

Deputat Fazil Mustafa özəl xəstəxanaların İcbari Tibbi Sığorta sisteminə daha geniş cəlb olunmasını və bu müəssisələrdə müalicə alan pasiyentlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını təklif edib.
Deputat bildirib ki, dövlət xəstəxanalarında MRT və KT müayinələri üçün uzun növbələr yarandığı halda, özəl klinikalarda eyni xidmətlərdən istifadə edənlərin sayı azdır.
“Bu nə deməkdir? Biz heç olmasa oradakı imkanı çatan insanlara yarı qiymətini ödəməklə bu müalicənin təmin olunmasına köməklik göstərməliyik. Özəl xəstəxanaların da yad bir mexanizm kimi görülməsinə artıq son verməliyik”, - Fazil Mustafa deyib.
O qeyd edib ki, insanların böyük əksəriyyətinin müalicə üçün xaricə getmək imkanı yoxdur. Buna görə də onların İcbari Tibbi Sığortanın xidmətlərindən yararlanması təmin edilməlidir.
Deputatın sözlərinə görə, dövlət xəstəxanalarına kifayət qədər vəsait ayrılmadıqda xidmətlərin keyfiyyəti aşağı düşür. O, həmçinin regionlarda yaşayan insanların müalicə üçün Bakıya üz tutmasının paytaxt xəstəxanalarının yükünü artırdığını vurğulayıb.
Fazil Mustafa hesab edir ki, bu problemin həlli üçün bölgələrdəki xəstəxanaların maddi-texniki bazası gücləndirilməlidir.
O, yeni səhiyyə nazirinin təyin olunmasının bu sahəyə diqqətin artacağına ümid yaratdığını da bildirib.

























