AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirib.Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlamalar zamanı 6 şadlıq sarayında vəziyyət qənaətbəxş olub, 41 obyektdə isə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.
Belə ki, bəzi obyektlərdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi müəyyənləşdirilib. Həmçinin toy mərasimlərində təqdim olunan ət məhsulları ilə yoxlamaya təqdim edilən müşayiətedici baytarlıq sənədlərinin uyğun olmadığı aşkarlanıb.
Bundan əlavə, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, eləcə də “Stolovaya №8” iaşə müəssisəsində baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı qeyd aparılmadığı müəyyən edilib.
Həmçinin “Çıraq Palace”, “Meridian Luks”, “Mirana” və “İnci” şadlıq saraylarında istehlakçılara süni kürü təqdim edildiyi, lakin bunun menyuda qeyd olunmadığı aşkarlanıb.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Nəzarət tədbirlərinin davam etdirildiyi bildirilib.
























