Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir

Göygölün Quşqara kəndində yerləşən Bəhman Alzamanov adına tam orta ümumtəhsil məktəbində istilik təminatının olmaması şagirdlərin dərslərdən yayınmasına səbəb olub.
Valideynlər bu barədə Anews.az-a şikayətlərində bildiriblər.
Onların sözlərinə görə, artıq bir həftədir şagirdlər məktəbə getmirlər. Valideynlər qeyd ediblər ki, problemin hər gün növbəti gün həll olunacağı bildirilsə də, hələ də konkret nəticə yoxdur.
“Bizə deyirlər ki, hər şey hazırdır, yalnız sayğac qalıb. Amma nədənsə həmin sayğac bir həftədir quraşdırıla bilmir. Hər gün sabah həll olunacağını deyirlər. Hara müraciət edəcəyimizi də bilmirik”, – valideynlər bildiriblər.
Məsələ ilə bağlı məktəbdən Anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaz təchizatını təmin edən xətdə yaranmış texniki nasazlıq səbəbindən istilik sisteminin fəaliyyətində fasilə yaranıb.
Qeyd olunub ki, problemin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qaz xəttinin təmiri və bərpası istiqamətində müvafiq tədbirlər görülür.
“Azəriqaz” İstehsalat Birliyindən isə bildirilib ki, məktəbin qaz xəttində suyun olması səbəbindən qaz təchizatı müvəqqəti dayandırılıb.
"Göygöl Xidmət Sahəsinin əməkdaşları tərəfindən qaz sayğacı sökülərək xəttdə toplanmış su xaric edilib. Sayğacın yenidən quraşdırılmasından sonra məktəbin qaz təchizatının bərpa edilməsi nəzərdə tutulur",- məlumatda qeyd olunub.

























