Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib

Azərbaycanda yeni dərsliklər əsasında keçirilən pedaqoji eksperimentin nəticələrinə görə, Bakı və regionlarda Azərbaycan dili və riyaziyyat fənləri üzrə pilot sinif şagirdləri ənənəvi dərslik əsasında oxuyanlardan daha yaxşı nəticə göstərib. Bunu dərsliklərin hazırlanma strategiyasına həsr olunmuş tədbirdə çıxış edən Təhsil İnstitutunun şöbə müdiri Rasim Abdurazaqov bildirib.
Azərbaycan dili üzrə yeni dərslik əsasında təhsil alan şagirdlərin nəticəsi Bakıda 76,6%, regionlarda 58,5% olub. Ənənəvi dərslik üzrə bu rəqəmlər müvafiq olaraq 70,0% və 44% təşkil edib.
Riyaziyyat fənni üzrə yeni dərslikdən istifadə edən şagirdlərin nəticəsi Bakıda 72,7%, regionlarda 53,8% olub. Ənənəvi dərslikdə isə Bakıda 71,1%, regionlarda 44,8% qeydə alınıb.
Abdurazaqov bildirib ki, hər iki fənn üzrə həm Bakıda, həm də regionlarda pilot siniflərin nəticələri pilot olmayan siniflərdən yüksəkdir.

























