Cibgir məmurlar tutulacaq

14:12 | 03.02.2015
Cibgir məmurlar tutulacaq

Cibgir məmurlar tutulacaq

Prezident İlham Əliyev dövlət qulluqçularını sərt hədələdi

"Biz sanki Qazaxıstan fermerlərinin təsərrüfatının çiçəkləndirilməsi ilə məşğuluq”. Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində aqrar islahatlar üzrə ekspert Vahid Məhərrəmov deyir. 

Uzun illər aqrar sahədə çalışmış və hazırda bu sahədə tədqiqatlarla məşğul olan mütəxəssis fikrini əsaslandırmaq üçün taxılçılıqdan danışır: "Ölkədə nə qədər arpa və ya buğda əkildiyini demək qeyri-mümkündür, yalnız əvvəlki ilə nisbətən artım və ya azalmadan danışmaq olar. Bunu da yalnız idxalla müəyyən etmək olur. İnişil idxal 1,5 milyon tona yaxın idi, keçən il isə 1,2 milyona yaxın olub. Amma keçən ilki azalma inişilki artımla əlaqədardır. Hesablamalar göstərir ki, ölkədə ərzaq buğdası istehsalı demək olar ki, yoxdur. Çünki Azərbaycanın ərzaq buğdasına olan tələbatı təxminən 1,2 milyon ton ətrafındadır və o da idxal hesabına ödənir”. 

Halbuki, rəsmi statistikaya görə, 2013-cü ildə 690 min hektara yaxın ərazidə buğda əkilib və 1,9 milyon ton buğda istehsal edilib. Təbii ki, bu qədər məhsul ölkənin hətta buğda ixrac etməsinə imkan verərdi. Mütəxəssislər Azərbaycanın ərzaq buğdasına 1,2 milyon ton, yem buğdasına isə 0,5 milyon ehtiyacı olduğunu bildirirlər. Bu minvalla Azərbaycan xaricdən buğda almalı deyildi və hətta 200 min tona yaxın buğda satmalı idi. Reallıq isə göstərir ki, Azərbaycanın buğda istehsalı 0,5 milyon tondan çox deyil və rəsmi statistika təxminən 4 dəfə şişirdilir. 

Bunu ANS PRESS-in regionlarda apardığı araşdırma da sübut edir. Məsələn, statistikaya görə, 2000-ci ildə Şəkidə 30 min hektarda buğda əkilib və 2013-cü ildə bu göstərici 60 min hektara çatdırılıb. Yəni bu minvalla Şəkidə boş yer qalmamalı idi və dərə-təpə hər yan buğda əkini olmalı idi. Reallıq isə tam tərsinədir. Yerli əhalinin dediyinə görə, 10 il qabaq taxıl əkinləri indiki ilə müqayisədə xeyli çox idi. O vaxt camaat əsasən taxılçılıqla dolanırdı, indi isə dolanışıq üçün alternativ yollar seçirlər. Statistika isə yerli hakimiyyət orqanlarının sehrli çubuğu ilə şişirdilir, təbii ki, bu zaman taxıl əkinləri üçün ayrılan subsidiya pullarının da rolu az olmayıb.

Araşdırmlar göstərir ki, Şəki rayonu üzrə statistik göstəricilərin şişirdilməsi subsidiyaların verilməyə başladığı 2007-ci ildən sonraya təsadüf edir. Həmin il rayonda cəmi 27 min hektar əkin sahəsi qeydə alınsa da, subsidiya mexanizmi kağız üzərində əkin sahəsini 2008-ci ildə 50 min hektara qaldırıb, sonrakı illər müəyyən dəyişmələrlə 60 min hektara qədər yüksəlib. Kiçik əraziləri olan ailələr taxılı ümumiyyətlə əkməkdən imtina ediblər, müəyyən hörmət qarşılığında alınmış subsidiyaları una verməklə illik tədarüklərini görüblər. Nəticədə, ölkənin real buğda sahələri bir qədər də azalıb. 

Məhz buna görədir ki, aqrar ekspert Vahid Məhərrəmov hər il büdcədən kənd təsərrüfatına yatırılan 650 milyon manat vəsaitin xeyli hissəsinin Qazaxıstan fermerlərinin işini çiçəkləndirməyə yönəldildiyini deyir: "Bunun təxminən 110 milyon manatı subsidiya şəklində fermerlərə verilir. Amma buna baxmayaraq biz hələ də taxılın əsas hissəsini Qazaxıstandan alırıq”. Ekspertin dediyinə görə, çox təəssüf ki, yerli buğda istehsalını dəstəkləmək üçün yaradılmış Dövlət Taxıl Fondu da məhz idxalı çiçəkləndirməklə məşğuldur və bu çox təhlükəlidir: "Dövlət Taxıl Fondunun ehtiyatları əvvəl 500 min ton idi, indii 750 min tona qaldırılıb. Fonda taxıl əsasən Qazaxıstandan, qismən də Rusiyadan gətirilir. Fondumuz Qazaxıstan fermerlərinin rəqabət qabiliyyətini artırmaqla məşğuldur. Həm də bu ölkələr müharibə şəraitində olan Azərbaycana istənilən zaman təzyiq göstərə bilərlər. Rusiya artıq ixrac etdiyi hər ton buğda üçün 37 avro rüsum tələb edir, yəni qiymət 37 avro artıb”. 

Amma bu problem artıq çözülməkdədir. Aqrar sektorda bu oyunların getdiyi ölkə rəhbərliyinə də çatıb və dövlət başçısı yanvarın sonlarında keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu məsələyə toxunub. Ölkədə həyata keçirilən "elektron kənd təsərrüfatı” layihəsinin bu kimi problemləri aradan qaldıracağını deyən İlham Əliyev bu məsələdə Azərbaycanın istifadəyə verdiyi ikinci süni peyki "Azersky”ın böyük rolundan danışıb. 

"İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox”, - deyə ölkə başçısı vurğulayıb. 

Kənd Təsərrüfatı Nazirliyi (KTN) də məsələ ilə bağlı geniş fəaliyyətə başlayıb. 2014-cü ilin statistik göstəriciləri hələ məlum olmasa da, Vahid Məhərrəmovun dediyinə görə, KTN-in apardığı yoxlamalar nəticəsində bu il taxıl əkinlərinin kağız üzərindəki sahəsini 120 min hektara qədər azaltmaq mümkün olub. 

Amma istənilən halda şişirtmələrin kökü "elektron kənd təsərrüfatı” layihəsi tam gerçəkləşdirildikdən sonra alınacaq. Yəni peykin vasitəsi ilə istənilən an hansı sahədə nə əkildiyinə, həmin sahənin kim məxsus olmasına nəzarət etmək mümkün olacaq. 

Lakin aqrar ekspert Vahid Məhərrəmov ölkə kənd təsərprüfatının inkişaf üçün təkcə "elektron kənd təsərrüfatı” layihəsinin gerçəkləşdirilməsini yetərli saymır. Onun fikrincə, buna paralel olaraq bütün ölkədə araşdırma ilə məşğul olacaq müstəqil işçi qrup yaradılmasını tövsiyyə edir: "Bu qrup müstəqil şəkildə bölgələrin torpaq-iqlim şəraitini, insanların təcrübəsini, su və torpaq resurslarını müəyyən eləməlidir. İlk hədəf daxili bazarın təmini olmalıdır. Bununla yanaşı, təşkilati işlər də aparmalıdır. Çünki torpaq paylarının əksəriyyəti kiçikdir və ayrıca əkin üçün rentabelli deyil. Sahələrin birləşdirilməsi üçün fermerlərlə söhbət aparılmalıdır. Əkinlərin rayonlaşdırılması üçün onlara nəyi əkməyin daha faydalı olması barədə məsləhətlər verilməmlidir və s.”. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM