"Dağlıq Qarabağda eskalasiya mümkün deyil"

17:02 | 27.04.2016

"Dağlıq Qarabağda eskalasiya mümkün deyil"

«Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunda son toqquşmalar bu dondurulmuş münaqişənin Qafqazda sabitliyə yaratdığı təhlükəni kəskinliklə yada saldı. Ancaq regiondakı beynəlxalq maraqlar münaqişənin eskalasiyasını mümkünsüz edir». Bunu Globalriskinsights.com saytında Riccardo Dugulin yazır.

Müəllif Qafqazın tarixən Rusiyanın nüfuz dairəsində olduğunu, Moskvanın həm Yerevan, həm də Bakıyla güclü əlaqələr qurduğunu vurğulayır. Ermənistana baxanda, Azərbaycan Moskvaya elə də yaxınlaşmayıb, ancaq yenə də dərin münasibətləri var. Rusiya hər iki ölkəyə silah satır, regiondakı siyasi nüfuzuna söykənərək aprelin əvvəlində tərəflərin atəşkəsə getməsinə nail oldu.

«Moskvayla Ankara regionda daha geniş geosiyasi hakimiyyət uğrunda mübarizə aparır. Türkiyə Azərbaycanla güclü siyasi, iqtisadi, hərbi və mədəni əlaqələr qurub. Azərbaycan müstəqillik əldə edəndən iki ölkənin münasibətləri ortaq etnik və dini irsə dayanaraq daha da güclənib».

Müəllif yazır ki, Suriya münaqişəsindən dolayı Rusiya-Türkiyə ədavətinin qızışması özünü Ermənistan-Azərbaycan münaqişəsində də büruzə verir. Ötən il Türkiyə Ermənistan-Rusiya havadan müdafiə razılaşmasını kəskin pisləyib.

Ancaq yazıda qeyd olunur ki, region müxtəlif oyunçuların ədavət meydanı olsa da, iki faktor Dağlıq Qarabağdakı toqquşmaların daha geniş müharibəyə çevrilməsini əngəlləyir.

Birincisi, Ermənistan və Azərbaycanın iqtisadi durumu onların uzunmüddətli münaqişə aparmasına əl verməyəcək. Neftin ucuzlaşması Azərbaycanı büdcəsinə yenidən baxmağa, kapitala nəzarət tədbirləri həyata keçirməyə məcbur edib. Heç bir ölkə təmas xəttindən kənarda münaqişəni sürdürə bilməyəcək. İkincisi, Rusiya ilə Türkiyə Qafqazda müharibəyə sponsorluq etməklə iqtisadi və siyasi maraqlarını qurban verməzlər, bu regionun sabitliyi hər ikisinə sərfəlidir.

«Regionda sabitlik qlobal iqtisadiyyat üçün də vacibdir, belə ki, bir sıra neft və qaz kəmərlərinin bir hissəsi Azərbaycan ərazisindədir. TANAP, Cənubi Qafqaz Kəməri, Bakı-Tbilisi-Ceyhan kəməri Dağlıq Qarabağın şimalından keçir. Bu kəmərlər Türkiyə, Avropanın enerji maraqları, eləcə də Azərbaycanın enerji resurslarının ixracından ötrü strateji əhəmiyyət daşıyır».

«Dağlıq Qarabağ münaqişəsinə qatılan bütün tərəflərin bu kəmərlərdə birbaşa, yaxud dolayısı maraqları var deyə, heç biri regiondan enerji axınını kəsəcək, yaxud kəmərlərə ziyan vura biləcək münaqişəni alovlandırmaz», - müəllif yazır.

Yazıda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi gələcəkdə də dondurulmuş qalacaq, təmas xəttində ara-sıra toqquşmalar olacaq. «Azərbaycanla Ermənistan hazırkı status-kvoya strateji zərbə vuracaq manevrlərə cəhd göstərməyəcək. Rusiya da zəifləmiş iqtisadiyyatında yeri olan bu regionda sabitliyin saxlanmasından ötrü siyasi və hərbi təzyiq vasitələrinə əl atacaq». (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM