Dost dar gündə tanınar - TƏRCÜMƏ

12:25 | 23.12.2013
Dost dar gündə tanınar - TƏRCÜMƏ

Dost dar gündə tanınar - TƏRCÜMƏ

Uilyam Somerset MOEMOtuz ildir öz yaxınlarımı araşdırıram. Barələrində öyrəndiklərim elə də çox sayılmaz. Yeri gələndə, bəlkə də mən sırf xarici görkəminə görə özümə xidmətçi tutmaram, ancaq adətən biz zahiri görünüşünə görə insanlara qiymət biçirik. İnsanın çənə quruluşuna, ətrafına necə göz qoymasına, ağzının biçiminə diqqət yetirir və bunlara əsasən onun barəsində qəti qərara gəlirik. Bu məsələdə, heç şübhəsiz, yanıldığımız məqamlar da çox olur. Roman və pyeslərdəki süniliyin və uydurmanın təməlində də yazarların öz yaratdıqları surətləri yetkin və tutduğu yoldan dönməyən adamlar kimi verməsi dayanır. Belə götürəndə, bəlkə də onlar bu barədə haqlıdırlar, çünki yaradılan xarakterləri ziddiyyətli versələr, onların kəsb etdiyi məsaj da tam anlaşılmaz. Halbuki həyatda biz hamımız ziddiyyətlərlə doluyuq.Hər birimiz – uyuşmaz özəlliklərin təsadüfi qarışımından ibarətik. Məsələn, məntiq dərsliyinə inansaq, sarı rəng heç vaxt silindr formalı, təşəkkür dolu sözlər isə havadan daha ağır ola bilməz. Halbuki insan “mən”inin təşkil olunduğu həmin o anlaşmazlıqlar qarışımında sarı rəngin at arabası kimi, təşəkkür sözlərinin isə gələn həftənin ortası kimi təqdimi tamamilə mümkündür. Başqaları deyəndə ki, insanın onlarda buraxdığı ilk təəssürat heç vaxt yanıldıcı olmur, şəxsən mənim çarəsiz halda çiyinlərimi çəkməkdən başqa çarəm qalmır. Məncə, belələri ya sezgi qabiliyyətindən yerli-dibli məhrumdurlar, ya da özlərinə hədsiz güvənirlər. Mənə gələndə isə, insana daha yaxından bələd olduqca, ondakı gizlinlər getdikcə artır, buna görə də ən köhnə dostlarımdan söz düşəndə bircə onu deməliyəm ki, barələrində heçcə nə bilmirəm.Bu səhər qəzetdə oxuduğum bir xəbər məndə yuxarıda açıqladığım fikirləri oyatdı: Edvard Hayd Barton Kobe şəhərində vəfat edibmiş. Tacir olan bu adam uzun illər yapon həmkarlarıyla əməkdaşlıq etmişdi. Onu yaxından tanımırdım və sadəcə bir kərə məni hədsiz dərəcədə heyrətləndirdiyi üçün heç ağlımdan çıxmırdı. Bu əhvalatı da şəxsən özü mənə danışmasaydı, onun belə davrana biləcəyinə əsla inanmazdım. Məsələ də bunda idi ki, sözügedən adam bəlli-başlı görkəmə və ciddi davranışlara sahib idi. Adama tamamilə oturuşmuş şəxsiyyət təsiri bağışlayırdı. Boyu beş fut dörd düymdən yüksək olmazdı, mavi gözlərindən və üz-gözündən daim halsızlıq yağırdı. Tanış olduğumuz zaman altmış yaşın içindəydi. Adətən hədsiz səliqəli geyinsə də, diqqətləri sən deyən öz üzərinə çəkməzdi, yəni geyimi sahib olduğu mövqeyə və yaşa tamamilə uyardı.Ofisi Kobedə yerləşsə də, Barton tez-tez Yokohamaya gedərdi. Bir dəfə gəmimiz bir neçə gün gecikdiyindən orada ləngiyəsi oldum və Britaniya klubunda onunla tanışlıq qurdum. Bric oyununda tərəf müqabili idik. O, yaxşı oynayırdı və xırdaçı deyildi. Həm oyun vaxtı, həm də şərab içəndə az danışırdı, üstəlik, dilinə gələn bütün fikirlər onun dərin ağlından xəbər verirdi. Yumor hissindən məhrum olmasa da, zarafatları quru və ciddiydi, şuxluq edəndə də üz ifadəsi əsla dəyişməzdi. Anlaşıldığı kimi, o, klubun daimi müştərilərindən idi, çünki çıxıb gedəndən sonra hamı onun barəsində yalnız xoş sözlər söyləmişdi. Sonradan məlum oldu ki, hər ikimiz “Qrand-hotel”də qalırıq və sabahkı günə o, məni nahara dəvət elədi. Beləcə, onun şişman, yaşlı və gülərüz xanımı və bir cüt qızıyla da tanış olmaq imkanı qazandım. Göründüyü qədəriylə, ailələri mehriban və səmimi idi. Bartonun ən bariz şəkildə nəzərə çarpan cəhəti isə, məncə, xeyirxahlığı idi. Mavi gözlərinin ürkək baxışlarıyla o, adamı özünə yamanca bağlayırdı. Səsi o dərəcədə yumşaq idi ki, onun qəzəbdən bağıra biləcəyini təsəvvürünə belə gətirmirdin, təbəssümündən isə aşkar nəciblik yağırdı. Adamı özünə cəlb edən bu kişinin öz yaxınlarına da gerçək sevgi bəslədiyi sezilirdi. Onda gizli bir cazibə vardı, şitlik isə əsla: həvəslə kart oynayar, kokteyl sümürər, şux lətifələr danışardı. Cavanlığında isə yaxşı idmançı olubmuş. Zəngin birisiydi və var-dövlətini sadəcə öz imkanlarıyla qazanmışdı. Zənnimcə, adamda rəğbət oyandıran daha bir cəhəti də qısa boyu və incə-mincəliyi idi. Niyə görəsə onu himayəsinə almaq, qorumaq istəyirdi adam. Görənlər inanmazdı ki, o, qarışqanı incidər.Bir dəfə “Qrand-hotel”in foyesində oturmuşdum. Zəlzələdən əvvəl orada dəri kreslolar düzülmüşdü. Pəncərələrdən geniş və qaynar həyatı olan limana gözoxşayan bir mənzərə açılırdı. Oradakı nəhəng sərnişin gəmiləri Şanxay, Honkonq və ya Sinqapurdan keçərək ya Vankuverə, ya da San-Fransiskoya üz tuturdular. Ən müxtəlif ölkələrin bayraqları altında üzən yük gəmiləri qasırğadan və uyğun olmayan hava şəraitindən aşınıb, pis kökə düşmüşdü. Arxa qismi yüksək olan və al-əlvan yelkənlərə malik conkaların (yelkənli Çin gəmisi – A.Y.) və sampanların (yastı dibə və taxta döşəməyə malik, 1-2 avarlı qayıq növüdür. Şərqi və Cənubi-Şərqi Asiya sakinləri tərəfindən qısa məsafələri qət etmək üçün istifadə olunur. Adətən sampanı qadınlar idarə edir – A.Y.) sıra-sıra düzüldüyü limanda həyat qaynayırdı və qarşımdakı bu mənzərənin içimi niyə rahatlatdığı təkcə Allaha məlum idi. Adama elə gəlirdi ki, onda bir romantika var: əlini uzatsan, ona toxuna bilərsən.Az sonra Barton da foyedə peyda oldu. Məni görcək, yaxınlaşıb, yanımda oturdu.- Bəlkə adama bir stəkan nə isə içək?Əl çalmaqla o, xidmətçiyə səsləndi və bir cüt kokteyl sifariş elədi. Xidmətçi məcməyi ilə bizə yanaşanda küçədən keçən bir tanışım mənim pəncərədən bayıra baxdığımı görüb, əlini yellədi. Mən də başımı tərpətdim. Barton soruşdu:- Törnerlə tanışsınız ki?- Onunla klubda tanış olmuşuq. Deyilənlərə görə, İngiltərəni tərk eləməyə məcbur qalıbmış və vətəndən göndərilən pullar hesabına burada gününü keçirir.- Hə, elə görünür. Burada elələri çoxdur.- Bric oyununda da mahirdir.- Bu, onların hamısına xas özəllikdir. Keçən il burada biri var idi və təsadüfən soyadı mənimkiylə eyni idi. Həyatımda onun qədər usta oyunçuya rast gəlməmişəm. İnanmıram ki Londonda onunla qarşılaşardınız. Hamıya özünü Lenni Barton kimi təqdim edirdi. Görünür, vaxtilə hansısa kübar klubun üzvü imiş.- Belə ad-soyadlı biri xatirimə gəlmir.- Misilsiz qumarbaz idi. Kartlara olan xüsusi həssasiyyəti adamın canına vicvicə salırdı. Tez-tez onunla oynayırdım. Bir müddət Kobedə yaşayası oldu.Barton şərabından qurtum alıb, sözünə davam elədi:- Məzəli bir əhvalatdır bu. O adaşım canlara dəyən birisiydi. Həmişə səliqəli geyinərdi, şıq adam təsiri bağışlayardı. Sir-sifəti də özünə görə yaraşıqlıydı – üzünün dərisi bəyaz idi, al yanaqları və qıvrım saçları vardı. Rastına çıxan qadınlar qanrılıb, ardınca baxardılar. O isə ziyansız adam idi, sadəcə veyilin biriydi. Düzdür, çox içirdi. Bu cür tiplər adətən içkiyə düşkün olurlar. Üç aydan bir vətəndən müəyyən məbləğdə pul göndərirdilər ona, bir az da özü qumarda udurdu. Şəxsən mən ona az pul uduzmamışam.Barton bu yerdə səmimiyyətlə gülümsədi. Onunla oyun təcrübəmdən bilirdim ki, uduzanda öz-gözünü zərrəcə qırışdırmır. Venaları şişdiyi üçün adama şəffaf təsiri bağışlayan zərif əliylə o, təmiz təraş olunmuş çənəsini sığalladı.- Qara quruşu qalmayanda məhz mənim ayağıma gəlməyi də, görünür, bundan qaynaqlanırdı. Bəlkə də bunun daha bir səbəbi – eyni soyadı daşımamız idi. Günlərin bir günü ofisimə gələn bu adam onu işə götürməmi məndən rica eləyəndə, düzü, yaman təəccübləndim. Dedi ku, artıq evdən ona pul yollamırlar və mütləq bir iş tapmalıdır. Ondan yaşını xəbər aldım. “Otuz beş” – dedi. “İndiyədək hansı işlə məşğul olmusunuz?” sualıma: “Düzünə qalsa, heç nə ilə” – cavabını alanda uğunub getdim və dedim: “İnanmıram ki, sizə hər nə cürsə kömək eləyə bilim. Bir otuz beş il sonra gəlin, bəlkə bir şey düşünərəm”. Bundan onun heç tükü də tərpənmədi. Amma rəngi avazıdı. Qərarsız halda duruxdu və ən nəhayət, dedi ki, son vaxtlar heç qumarda da əli gətirmir. Ömrü boyu bric oynamaq niyyətində olmadığı üçün pokerə keçib və bu oyunda bütün var-yoxunu uduzub. Heç qara quruşu da qalmayıb. Olan-qalan hər şeyini qumara qoyub. Oteldə qalmaq üçün pulu yoxdur, ona nisyə yer verməkdən isə imtina edirlər. İndi o, əsl dilənçidir. Hər hansı bir iş tapmasa, yeganə çarəsi - canına qıymaq olacaq.Bir-iki dəqiqə mat-məəttəl onu süzdüm. Anladım ki, bu hərifin durumu həqiqətən fənadır. Yəqin son vaxtlar içkinin dozasını lap qaçırmışdı, buna görə də indi ona azı əlli yaş vermək olardı. Bu görkəmdə heç bir qadın ona meyil göstərməzdi. Soruşdum:- Ancaq yenə də, deyin görüm, kart oynamaqdan başqa, əlinizdən nə gəlir?- Yaxşı üzməyi bacarıram.Eşitdiyim cavaba inanmadım: əcəb də axmaq imiş bu!- Universitetdə üzgüçülük üzrə çempion da olmuşdum.Onun nəyə işarət elədiyini yalnız onda anladım. Ancaq tələbəlik illərində öz qrup yoldaşlarının kumiri olan insanlara mən həyatda çox rast gəlmişdim və bunun mənim nəzərimdə sən deyən bir dəyəri yox idi. Odur ki, dedim:- Cavan yaşda elə mən də yaxşı üzgüçü idim.Qəfildən ağlıma bir fikir gəldi. Həmin an danışdığı əhvalata nədənsə ara verən Barton məndən soruşdu:- Siz Kobe şəhərinə yaxşı bələdsiniz?- Yox, - dedim, - orada yolüstü, həm də cəmi bir dəfə gecələmişəm.- Elə isə siz “Şioyya” klubunu tanımazsınız. Cavan vaxtlarımda mən oradan çıxıb, mayakın başına dövrə vurmaqla, Tarumi çayının ta mənsəbinə qədər üzə bilirdim. Üç mildən çox olan bu məsafəni qət eləmək asan iş sayılmırdı, çünki mayakın həndəvərində suyun axını xeyli güclüdür.Mən bu barədə adaşım Bartona söz açdım və söz  verdim ki, əgər o, həmin məsafəni qət eləsə, onu klubda işə götürəcəyəm.Onun çaşqınlığa qapıldığını gördüm. Soruşdum:- Bəyəm özünüz demirdiniz ki, yaxşı üzgüçüsünüz?- Amma indi mən... əvvəlki fiziki formamda deyiləm.Çiyinlərimi çəkib, heç nə demədim. O isə uzun-uzadı məni süzəndən sonra başını tərpədərək:- Razıyam, - dedi. – Nə vaxt başlayım?Saatıma nəzər saldım. On birə işləyirdi.- Bu məsafəyə siz bir saat on beş dəqiqə, ya da bir qədər çox zaman sərf edəcəksiniz. Saat düz birin yarısı üçün mən sizi çayın sahilində gözləyəcəyəm. Oradan sizi kluba aparacağam ki, paltarınızı dəyişəsiniz və birlikdə qəhvəaltı edək.- Danışdıq, - dedi.Bir-birimizin əlini sıxanda ona uğurlar dilədim və ayrıldıq. Həmin səhər işim başımdan aşırdı və mən saat birin yarısı üçün zor-bəla özümü Tarumi çayının mənsəbinə yetirə bildim. Ancaq bütün cəhdlərim boşa çıxdı: adaşım gəlib çıxmaq bilmədi ki, bilmədi.Mən soruşdum:- Bəlkə son anda o, ağciyərlik edib?- Yox, ağciyərlik eləməyibmiş. Üzməyə də qalanda üzübmüş. Lakin öz əyyaş və pozğun həyat tərziylə səhhətini möhkəm sarsıtdığından mayakın ətrafındakı güclü axınla bacara bilməyib. Onun cansız cəsədi üç gün sonra orada tapıldı.Mən bir neçə dəqiqə susub, durdum. Daxilən sarsılmışdım. Sonra Bartona belə bir sual verdim:- Düzünü deyin, üzməyi təklif edəndə onun batma ehtimalı heç ağlınıza gəlmişdi?Barton bic-bic hırıldadı, ürkəklik və avamlıq yağan baxışlarını mənə zillədi, əliylə çənəsini ovuşduraraq dedi:- Nə gizlədim, ofisimdə onsuz da boş iş yeri yox idi.Dilimizə çevirdi – Azad YAŞARhttps://www.facebook.com/azadyasharofficial

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb