Komissiyanın üzvü, hüquqşünas Əliməmməd Nuriyev "Yeni Müsvata”a açıqlamasında bildirib ki, komissiyanın üzvləri prezident tərəfindən təyin olunur və onun tərəfindən də azad edilir: "Prezident Administrasiyasının rəhbəri Əfv Komissiyasının sədri olur. Düşünürəm ki, tezliklə bütün komissiyalarda uyğun qaydada dəyişikliklər baş verəcək. Bu, sadəcə, texniki bir məsələdir. Əfv Komissiyasının sədri barədə də müəmma tezliklə aradan qalxacaq. Prezidentin sərəncamları ilə müvafiq dəyişikliklər baş verir və verməkdə davam edəcək. Bilirsiniz ki, Əfv Komissiyasının katibliyi işləyir. Əfv Məsələləri üzrə sektor da öz fəaliyyətini davam etdirir, daxil olan məlumatları emal etməklə məşğuldur, müvafiq arayışlar hazırlayır. Komissiyada texniki dəyişiklik çox qısa müddətdə olacaq. Bu bir qaydadır. Əfv Komissiyanın sədri postunu Prezident Administrasiyanın rəhbəri tutur. Komissiya yarandığı gündən bu günə qədər belə olub”.
Ə.Nuriyev sədr olmadan komissiyanın iclaslarının çağırılmasının mümkün olub-olmamasına da toxunub: "Məsələnin bir qədər etik tərəfləri var. Şübhəsiz ki, müvafiq dəyişikliklər bu istiqamətdə də baş verəcək. Onsuz da komissiya öz işini həyata keçirməkdədir. Komissiya üzvlərinə gələn məktublar katibliyə yönləndirilir. Katiblik daimi işləyir. İclasların çağırılması daxil olan məlumatlarla əlaqədar müvafiq arayışların hazırlanması ilə bağlı məsələdir. Bunlar tam başa çatandan sonra heç şübhəsiz ki, komissiya rəhbərliyinə, yəni Prezident Aparatının rəhbərliyinə təqdim olunacaq. Bu vaxta qədər mənə elə gəlir ki, texniki dəyişikliklər baş verəcək. Bəzi şəxslər var ki, vəzifələrinə görə komissiyanın üzvü təyin olunublar. Məsələn, daxili işlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri yeni təyin olunduqları üçün komissiyanın tərkibinə daxil olundular. Həmin şəxslər vəzifələrinə görə komissiya üzvüdürlər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !