Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər

22:23 | 13.11.2023
Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər

Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər

Yaxın gələcəkdə ehtiyac meyarı ləğv ediləcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

"Biz bunu  düşünürük. Amma bu barədə dəqiq bir strategiya hazırlanmayıb. Bu bir mexanizmdir, instrumentdir, hələ ki, qarşımızda böyük çağırışlar var, bunu instrument olaraq saxlayırıq. Elə bir il ola bilər ki, bizə o çağırışlar mane olar, dversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti bu prosesi tam vahid bir instituta çevirməkdir.”, - nazir noyabrın 4-də Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasındə bildirib.
 
İqtisadçı Akif Nəsirli bildirir ki, ehtiyac meyarı ilə yaşayış meyarı arasındakı göstərici azaldığı üçün ehtiyac meyarı ləğv oluna bilər.
 
"Ehtiyac meyarı ölkədə yalnız ünvanlı sosial yardımın verilməsi ilə bağlı məvacibin hesablanmasında istifadə olunur. Digər tərəfdən hazırda ehtiyac meyarı ilə insanların yaşayış minimumumu demək olar ki, bərabərləşib.  Bu iki göstərici bu cür eyniləşəndə onları müqayisə etməyin mənası yoxdu. Buna görə də, məncə ehtiyac meyarını ayıran Azərbaycan göstərici olaraq bütün hesablamalarda minimum yaşayış ehtiyyaclarını götürəcək. Əvvəllər bu iki göstərici bir-birindən 30% fərqlənirdisə, indi demək olar ki, aralarında təxminən 5-10 manat fərq var. Bu baxımdan ehtiyac meyarı ilə yaşayış meyarı bir-birindən fərqləndirilə bilməz. Buna fərqli adların qoyulması sosial yardımın aşağı hesablanmasından ötəri düşünülüb. Hazırda da bu göstəricilər arasında fərq azdır”, - o əlavə edib.
 
Sosioloq Üzeyir Şəfiyev qeyd edir ki, ünvanlı sosial yardımla bağlı düşünülümüş əlavə mexanizmlər işə düşsə, ehtiyac meyarına lüzum olmayacaq.
 
"Ehtiyac meyarı ünvanlı sosial yardım etmək üçün cəmləşdirilən bir alətdir. Hər il dövlət büdcəsi təsdiqləndikdə bu meyar müəyyənləşir. Ünvanlı sosial yardımın verilməsi üçün ailənin gəliri ehtiyac meyarından aşağıdırsa, o zaman aradaki fərq ehtiyac meyarı ilə ailə gəliri arasında olan saldo ünvanlı sosial yardımı kimi müəyyənləşir. Görünür ki, ünvanlı sosial yardımlarla bağlı əlavə mexanizmlər fikirləşilir. Əgər bu mexanizmlər, əlavə instrumentallar, alətlər işə düşsə, o zaman ehtiyac meyarına lüzum olmayacaq”, - o deyib.
 
Onun sözlərinə görə, ehtiyac meyarının aradan götürülməsində məqsəd insanların daha çox aktiv sahələrə yönəlməsini təmin etməkdir.
 
"Ünvanlı sosial yardım əslində əhalinin az təminatlı təbəqələrinə verilir. Nazir fikirləşir ki, ünvanlı sosial yardımdansa, aktiv sosial dəstək layihələri tətbiq etsin. Ünvanlı sosial yardım onların təbirincə desək, insanlarda tənbəllik yaradır, ələ baxımlılıq formalaşdırır. Bu olmasın deyə, özünməşğulluq proqramları kimi daha aktiv, onlar üçün daha çox məşğulluq sahələri, daha yüksək gəlirli iş sahələri açmaq planlaşdırılır ki, insanların ünvanlı sosial yardıma ehtiyacı qalmasın. Daha çox aktiv sosial sahələrə yönəlsin. Bu baxımdan nazir vurğuladı ki, ehtiyac meyarı ləğv olunacaq. Bundan sonra sosial gəlirin müəyyənləşməsində başqa sahələr müəyyənləşəcək”, - sosioloq əlavə edib.
 
Hazırda ölkədə ehtiyac meyarının məbləği 246 manatdır. 2024-cü ildə yaşayış minimumu və ehtiyac meyarı 9,7% artırılaraq 270 manata qaldırılması nəzərdə tutulur.

Ehtiyac meyarının həddi 2022-ci ildə 200 manat müəyyənləşdirilib. 2023-cü ildə bu meyar 23% artaraq ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM