Qalusek: Azərbaycanda mikromaliyyənin gündəliyi genişlənib
Azərbaycanda mikromaliyyə sektorunun gündəliyi məcburi köçkünlərə kiçik kreditlərin verilməsi və institutların qurulmasından kənd təsərrüfatının, qadın sahibkarların və innovasiyaların maliyyələşdirilməsinə qədər genişlənib. Bunu Mikromaliyyə Mərkəzinin (MFC) baş məsləhətçisi və keçmiş icraçı direktoru Qjeqoj Qalusek bildirib.
Qalusek ilk müzakirələrdə mikromaliyyənin necə işlək vəziyyətə gətiriləcəyi və daxili köçkünlərin necə dəstəklənəcəyi əsas mövzular olduğunu xatırlayıb. Onun sözlərinə görə, o vaxt bəzi tənzimləyicilər kiçik kreditlərlə məşğul olmaq istəyən yeni institutların maliyyə sisteminə əlavə risklər yarada biləcəyindən narahat idilər.
“İndi isə mikromaliyyənin və inklüziv maliyyələşmənin Azərbaycanın iqtisadi inkişafına necə töhfə verə biləcəyi, artımı necə dəstəkləyəcəyi müzakirə olunur”, – Qalusek deyib.
O, sektorun gündəliyində davamlı inkişaf, kənd təsərrüfatı, qadınların maliyyələşdirilməsi və innovasiyaların dəstəklənməsinin yer aldığını bildirib.
Qalusek bu dəyişimi Azərbaycanın iqtisadi inkişafında mühüm irəliləyiş kimi qiymətləndirib. Onun sözlərinə görə, mikromaliyyə əvvəllər postsovet dövrünün aşağı gəlirli iqtisadi mühitindəki çətinliklərə cavab axtarırdısa, indi ölkənin yuxarı-orta gəlirli iqtisadiyyata keçidini dəstəkləmək imkanları müzakirə olunur.
Gülnar Nazimqızı