Ələt hava limanı 2027-ci ildə istifadəyə veriləcək

Ələt Azad İqtisadi Zonasında yaradılan hava limanının ilkin mərhələdə illik yükdaşıma qabiliyyəti 500 min ton olacaq. Gələcəkdə bu göstəricinin 2 milyon tona çatdırılması nəzərdə tutulur. Bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
Onun sözlərinə görə, hava limanının tikintisinin 2027-ci ilin ortalarından gec olmayaraq başa çatdırılması planlaşdırılır. Layihə yerli yükdaşıma şirkəti Silk Way Airlines ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hava limanının yaradılması üçün azad zonanın ərazisində 750 hektar torpaq sahəsi ayrılıb.
Valeh Ələsgərov qeyd edib ki, Ələt Azad İqtisadi Zonası Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsi ilə investorlar üçün əlverişli imkanlar yaradır.
O bildirib ki, infrastrukturun inkişafının birinci mərhələsi çərçivəsində 2023-cü ilin iyununda 60 hektar ərazidə işlər başa çatdırılıb. İnvestorların marağının artması nəzərə alınaraq əlavə 138 hektar ərazidə də infrastruktur işləri aparılıb və bu işlər iki ay əvvəl tamamlanıb.
Hazırda həmin ərazidə günəş panelləri istehsal edəcək şirkət 23 hektar sahədə müəssisəsinin tikintisinə başlayıb. Bundan başqa, 11,5 hektar ərazi xarici investorlarla birgə data mərkəzinin yaradılması üçün ayrılıb. Layihələndirmə və tikinti işlərinə yaxın bir-iki ay ərzində başlanılması gözlənilir. Eyni zamanda, daha iki data mərkəzinin yaradılması istiqamətində işlər aparılır.
Sədrin sözlərinə görə, ağır sənaye müəssisələri üçün nəzərdə tutulan 366 hektar ərazidə də infrastrukturun yaradılmasına başlanılıb. Burada Çin şirkəti tərəfindən neft koksunun emalı müəssisəsinin yaradılması planlaşdırılır. Gələcəkdə alüminium sənayesində istifadə olunan koks anodlarının istehsalı da nəzərdə tutulur.
Valeh Ələsgərov əlavə edib ki, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən investorlar korporativ vergilərdən, idxal zamanı vergilərdən və gömrük rüsumlarından azad edilir. Həmçinin valyuta əməliyyatlarına və mənfəətin ölkə xaricinə köçürülməsinə məhdudiyyət qoyulmur.
O vurğulayıb ki, azad zonanın hüquqi müstəqilliyini təmin etmək məqsədilə Azərbaycan qanunvericiliyinin 90-dan çox qanununa müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər azad zona qanunvericiliyinin əsas iqtisadiyyatın qanunvericiliyindən üstünlüyünü təmin edir.

Son xəbərlər 
Daha çox 























