"Bakının Dirçəlişi" Birliyi hökumət üçün hazırladığı təkliflər paketinə Abşeron yarımadası sakinlərinin evlərinin dövlət qeydiyyatına alınması haqqında tələbini daxil edib.
Birliyin səri Abbasağa Məmmədli ANN.Az-a açıqlamasında deyib ki, Azərbaycanda qəbul olunan qanunları normal və qənaətbəxş hesab etmək olar: "Prezident də xalqın qayğısına qalır, amma qanunların icrası səviyyəsi yaxşı deyil və dövlət qulluqçuları pis işləyirlər".
İqtisadçı ekspert Rövşən Ağayev isə bu fikirdədir ki, evlərin qeydiyyatı ilə bağlı imzalanmış sonuncu fərman düzgün addımdır: "Amma bu prosesdə mənim diqqətimi bir neçə məsələ cəlb edir. Birincisi, uzun illər məmurlar iddia edirdilər ki, bu, çox mürəkkəb prosesdir, xüsusi qanun olmalıdır, problemin həllinin mexanizmləri tapılmalıdır. İndi aydın olur ki, az qala Marsa uçuşdan da çətin olan bir problem bir fərmanla həll edilə bilərmiş. İkincisi, aydın oldu: Qarabağ problemini çıxmaq şərtilə, bütün yerdə qalan problemlər bir sərəncamla həll edilir. Üçüncüsü: qəti aydın oldu ki, bu ölkədə dövlət idarəçiliyinin yeganə institutu var – prezident".
R.Ağayev onu da vurğulayıb ki, bu proses onun icrasına çox ciddi ictimai nəzarətin olmasını tələb edir: "Çünki əmlakın dövlət qeydiyyatına alınmasını tezləşdirməyi və "centlmen razılaşması" əsasında lazımlı sənədləri yığmağı təklif edən fırıldaqçılar ortaya çıxacaq. Əgər ölkədə qeyri-hökumət təşkilatları bağlanmasaydı, onlar proses üzərində nəzarəti öz üzərlərinə götürərdilər. Hətta indi də, jurnalistlərlə birlikdə, belə ictimai qrup yaratmaq olar”.
Ekspert belə hesab edir ki, fərman evlərdə dövlət qeydiyyatı olmadan yaşayan insanların mənəvi ruh yüksəlişinə səbəb olacaq: "Belə evlərdə yaşamaq çətindir, çünki istənilən an qapını döyə və tikilmiş evin dağıdılmasını tələb edə bilərlər. Hətta "sahə müvəkkili” də buldozer gətizdirib, qanuni icazəsi olmayan evi dağıda bilərdi.
Sənədsiz evləri satmaq və ya kredit götürmək üçün girov kimi banka qoymaq mümkün deyildi. İnsanlar pul yığıb, bu evi sata və başqa daha geniş ev ala bilmirdilər. On il ərzində qorxu içində yaşayan insanlar indi sakitləşə və onlar tərəfindən tikilmiş və ya alınmış evlərin sənədlərinin rəsmiləşdirilməsiylə məşğul ola biləcəklər”.
Digər iqtisadçı ekspert Azər Mehdiyev də həmçinin prezident fərmanından məmnunluğunu ifadə edib. "Amma sənədlə tanışlıq göstərir ki, bu problem bir fərmanla tamamilə həll edilməyəcək. Fərmanın üçüncü bəndində deyilir ki, hökumət qeydiyyatı olmayan ev probleminin mühüm hissəsinin həlli üzrə təkliflərə baxmalıdır:
"Torpaq sahələrində, yüksək gərginlikli elektrik xətlərinin altında, neft ərazilərində və boru kəmərlərinin üstündə tikilmiş evlərin taleyi şübhəli olaraq qalır. Bundan başqa, fərmanın 2-ci bəndində, ARDNŞ-nin torpaq sahələrində tikilmiş evlər prezident fərmanının çərçivəsindən çıxır. Yəni problemin həlli hələ yarımçıqdır, komplekslik təmin edilməmişdir. Hərçənd artıq üç ildən çoxdur ki, həm cəmiyyətdə, həm də ekspertlər arasında bu problemin müzakirəsi aparılır”.
Kamal Əli
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !